Hazırda respublikada 450 mindən çox əlil insan var. Əlil uşaqların sayı isə 57 999 nəfərdir. Həmin uşaqlardan 6000-i inklyuziv təhsilə cəlb olunub. Lakin 11000-i evdə təhsil alır. 30 000-ə yaxın əlilliyi olan uşaq isə təhsildən hələ də kənarda qalıb.
Qeyd edək ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş \"Əlillərin hüquqları haqqında\" Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulub. Bu Konvensiyaya qoşulan ölkələr əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin hüquqlarını və azadlıqlarını təmin etməyə borcludurlar. Azərbaycan tərəfi də sözügedən Konvensiyanın tələblərinə ciddi şəkildə əməl edir.
Konvensiyanın tələblərinə uyğun olaraq ölkədə bir sıra işlər görülüb. 2009-cu ildə isə əlillərin hüquqlarının beynəlxalq standartlar səviyyəsində təmin olunması məqsədi ilə 2009-2012-ci illəri əhatə edən dövlət proqramı layihəsi hazırlanıb. Proqramda əlillərin müalicəsi, məşğulluğu, sosial problemlərinin həlli, onlara kreditlərin və subsidiyaların verilməsi nəzərdə tutulur.
Nazirlər Kabineti isə bu il əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi barədə dövlət proqramını təsdiqləyib. Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Bura onların xarici ölkələrdə reabilitasiyası, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicəsinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi daxildir. Bundan başqa, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB