Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımovanın təşkilatçılığı ilə Filologiya fakültəsinin 358-361-ci qrup tələbələrinin açıq dərsi keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, açıq dərsdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, Bakı Dövlət Universitetinin Klassik ədəbiyyat kafedrasının baş müəllimi, filologiya elmləri namizədi Məti Osmanoğlu və Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Bilal Həsənli iştirak edirdi.
Həsən Seyidbəylinin həyat və yaradıcılığına həsr olunan açıq dərsi aparan 359-cu qrup tələbəsi Aydan Əhmədli əvvəlcə görkəmli rejissor və ssenaristin həyatı haqqında məlumat verib, onun keçdiyi ömür yoluna nəzər salıb. H. Seyidbəylinin əsərlərinin bir sıra xarici dillərə tərcümə edildiyini deyən A. Əhmədli onun filmlərinin kino festivallarda mükafat və diplomlara layiq görüldüyünü tələbə yoldaşlarının diqqətinə çatdırıb. Bununla yanaşı, H. Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən fraqment nümayiş olunub. Eyni zamanda, onun bir sıra bədii əsərlər müəllifi olduğu qeyd edilib. Açıq dərsdə H. Seyidbəylinin müxtəlif illərdə çəkdirdiyi şəkillərdən ibarət slayd da nümayiş olunub. Müasir təlim metodları və üsullarından istifadə edilərək keçirilən açıq dərsdə H. Seyidbəylinin "Çiçək", "Cəbhədən-cəbhəyə" romanları və ""Telefonçu qız" povesti təhlil olunub. Təhlil məzmun və forma, ideya və digər prinsiplərin tətbiqi ilə aparılıb. Tələbələr əsərlərdə əks olunan hadisələri, obrazları və dövrün xüsusiyyətlərinin zamanın tələbinə bağlılığını müzakirə ediblər. Qarşılıqlı polemika şəklində keçən dərsin sonunda Aydan Əhmədli dərslə bağlı tələbə yoldaşlarının suallarını cavablandırıb.
Sonra filologiya elmləri namizədi Məti Osmanoğlu və pedaqogika üzrə fəlsəfə doktoru Bilal Həsənli açıq dərs haqqında öz fikirlərini bildiriblər.
Tədris işləri üzrə prorektor Natiq Yusifov isə çıxışında belə açıq dərslərin keçirilməsini tələbələrin pedaqoq kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. Prorektor dərsin keçirilmə metodunu və quruluşunun yaxşı səviyyədə təşkil olunduğunu bildirib. O, tələbələrə gələcək dərslərin hazırlanmasında daha da səmərəli üsullardan istifadə etməyi tövsiyə edib və təhsil prosesində onlara uğurlar arzulayıb.
Filologiya fakültəsinin dekanı Fikrət Cahangirov da açıq dərs haqqında fikirlərini bölüşüb. Dekan Azərbaycan ədəbiyyatı kafedrasının səmərəli fəaliyyətini təqdir edib. F. Cahangirov kafedranın mədəni-kütləvi tədbirlərin keçirilməsində aktiv rol oynadığını qeyd edib və tələbələrə gələcək dərslərində müvəffəqiyyətlər diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB