Noyabr ayının 26-da başlanmış Məhərrəm ayının keçirilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarənin Qazilər Şurasının toplantısında verilmiş fitvaya əsasən dekabr ayının 6-na təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində növbəti dəfə irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın xeyrinə könüllü qanvermə aksiyalarının keçirilməsi qərara alınıb.
SİA-nın xəbərinə görə, könüllü qanvermə aksiyasının keçiriləcək yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçəri şəhər "Cümə" məscididir. Məsələ ilə bağlı İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, artıq neçə ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur. İçəri şəhər "Cümə" məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq "Cümə" məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb.
Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Buna görə də talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və artıq 6-cı dəfə Aşura günü məsciddə qanvermə aksiyası təşkil olunacaqdır.
Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 130-dan çox insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub.
Məlumat üçün bildiririk ki, Səbail rayonunda "Cümə" məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcəkdir. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB