Cavad Şıxəliyev: “İnsan alveri ilə məşğul olan 17 nəfər beynəlxalq axtarışdadır\"

Cavad Şıxəliyev: “İnsan alveri ilə məşğul olan 17 nəfər beynəlxalq axtarışdadır\"

"Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan insan alverçisi Pakistanda vəfat edib". SİA-nın verdiyi xəbərə görə, bu barədə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev Bakıda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə bildirib. Müşavirədə çıxış edən Cavad Şıxəliyev qeyd edib ki, Azərbaycanda bu sahədə kifayət qədər qanunvericilik bazası formalaşdırılıb: "Bəzən Azərbaycanda insan alveri qurbanlarının sayının artması ilə bağlı ABŞ dövlət departamentinə səhv məlumatlar ötürülür. Mən bu barədə hörmətli səfir Metyu Brayza ilə müzakirələr aparmışam. Mən ABŞ səfirliyinə və digər beynəlxalq təşkilatlara bizimlə yaxından əməkdaşlıq etdiyi üçün təşəkkür edirəm". Cavad Şıxəliyev həmçinin vurğulayıb ki, Azərbaycanda insan alverinə qarşı çox ciddi mübarizə aparılır. Bu istiqamətdə aparılan tədbirlər nəticəsində tikinti sahəsində 4037 reyd keçirilib, nəticədə əmək istismarı qaydalarının pozulması faktı aşkar edilməyib. Eyni zamanda C. Şıxəliyev qeyd edib ki, bəzi beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda azyaşlı uşaqların pambıq və tütün istehsalı sahəsində məcburi əməyə cəlb edildiyi kimi məlumatlar yer alıb: "Tərəfimizdən aparılan tədbirlər nəticəsində 10-a yaxın rayonda monitorinqlər aparılıb və nəticədə azyaşlı uşaqların məcburi əməyə cəlb edilməsi faktları aşkar edilməyib". İdarə rəisinin sözlərinə görə, bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Bundan başqa bu il ölkədə 27 nəfər insan alveri qurbanı müəyyən edilib. Beynəlxalq axtarışda olan 3 nəfər İnterpol xətti ilə turularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 17 nəfər beynəlxalq axtarışdadır\".


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə