İnsan alveri ilə bağlı dördüncü regional müşavirə öz işinə başlayıb

Bakıda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirə öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza və Beynəlxalq Miqrasiya Təşkilatının Cənubi və Şərqi Avropa və orta Asiya üzrə regional direktoru Renate Held Hyatt iştirak edib.

İki gün davam edəcək müşavirənin keçirilməsində məqsəd, beynəlxalq ekspertlərin öz ölkələri konteksində əməyin istismarı, orqan transplantasiyası, cinsi istismarla bağlı cari vəziyyət və müvafiq tendensiyalara dair məlumatların bölüşməsinə şərait yaratmaqdan ibarətdir. Tədbirdə çıxış edən Metyu Brayza qeyd edib ki, bu layihə ABŞ dövlət departamentinin dəstəyə ilə gerçəkləşib. İnsan alveri ilə mübarizə çox vacib məsələdir: "Bu bir növ quldarlıqla mübarizəyə bənzəyir. ABŞ-ın dövlət katibi Hillari Klinton bu mübarizədə qətiyyətini ortaya qoyub. Etiraf etməliyəm ki, bu problem dünyanın hər bir ölkəsində mövcuddur. ABŞ-da insan alverinə qarşı ciddi tədbirlə həyata keçirilir. Onu da deməliyəm ki, Azərbaycan da bu istiqamətdə daha effektiv mübarizə aparır. 2010-cu ildə 33 min insan alveri qurbanı müəyyən edilib, 3600 cinayət işi açılıb. Məcburi əmək cinayətlərinə görə, dünyada 700 nəfər məsuliyyətə cəlb olunub".

Həmçinin Metyu Brayza bildirib ki, cinsi xidmətlərin göstərilməsində zorakılığın tətbiqi yol verilməzdir.

İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə