“Soxulcan Evi” açıldı

Bu gün Tərtər rayonunun Buruc kəndində Aqro İnformasiya Mərkəzinin (AİM) Ekoloji fermerçilik layihəsi çərçivəsində ABŞ-ın Sülh Korpusu təşkilatının dəstəyi ilə biohumus istehsalı ilə məşğul olan "Soxulcan evi"nin açılışı olub. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirdə Beynəlxalq və Milli Qeyri Hökumət təşkilatlarının, Tərtər Elm Mərkəzinin, Zona Təcrübə Stansiyasının, yerli icra və bələdiyyə strukturlarının nümayəndələri, məsləhətçilər və ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan fermerlər iştirak edib.

Tədbirdə Ekoloji fermerçilik layihəsinin təlimatçısı Hicran Baxşəliyeva Ekoloji Kənd Təsərrüfatının inkişafında Kaliforniya soxulcanının faydası və "Soxulcan evi"nin fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib. O bildirib ki, Ekoloji təmiz və bol məhsul yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə biohumusdan geniş istifadə olunur. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları var.

BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Proqramı (FAO) təşkilatının milli proqram rəhbəri Oqtay Gülmalıyev fermerlərin ehtiyacına yönəlmiş bu fəaliyyətin təkcə Buruc kəndi üçün deyil, ətraf kəndlər üçün də faydalı olacağını bildirdi. O.Gülmaliyev qeyd etdi ki, biohumus təkcə torpaq münbitliyinin yaxşılaşdırılmasına deyil, ətraf mühitin çirklənməsinin qarşısını almağa xidmət edir.

Sonda iştirakçılar "Soxulcan evi"nə baxış keçirmiş, burada Kaliforniya soxulcanlarının saxlanma şəraiti ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə