Aydın Mirzəzadə: “Həmsədrlərin dəyişməsi texniki məsələdir” - MÜSAHİBƏ (SƏS TV)
Millət vəkili Aydın Mirzəzadənin SƏS TV-yə müsahibəsi:
- Aydın müəllim, noyabrın 28-də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının Berlində nəzərdə tutulan görüşü baş tutmadı. Ermənilər bu görüşə nədən qatılmadılar?
- Bu Dağlıq Qarabağ məsələsinin həllində maraqlı bir məqamdır. Bu günə qədər Azərbaycan və Ermənistanın dövlət başçıları problemin aradan qaldırılması üçün danışıqlar aparırlar. Bu istiqamətdə bir çox addımlar da atıldı. Son təkliflərdən biri Azərbaycan və Ermənistandan kənar 3-cü bir dövlətdə bu icmanın nümayəndələrinin görüşünü təşkil etmək və onlara Dağlıq Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparmaq imkanı verilirdi. Ermənistan beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən edilən təzyiqin nəticəsində buna könülsüz razılıq verdi. Ancaq son məqama qədər icmaların görüşünün baş tutmaması üçün min cür bəhanə gətirirdi. Buna baxmayaraq Almaniyanın paytaxtı Berlin şəhərində görüşün keçirilməsinə razılıq verildi. Məlumata görə, isə bu görüş baş tutmayıb. Erməni icmasının nümayəndələri bu görüşə gəlmədilər. Tədbir Almaniyadakı universitetlərdən və beynəlxalq təşkilatlardan birinin təşkilatçılığı ilə baş tutmalı idi. Sözsüz ki, bu da Ermənistanın həmin görüşdə uduzacağından narahat olduğunu bir daha göstərmiş oldu. Burada təbii ki, rəsmi İrəvanın təsiri mütləq olub. Əgər hər iki tərəfin nümayəndələri arasında görüş baş tutsaydı, o zaman Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun Dağlıq Qarabağa necə təsir etdiyi, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi baxımdan Ermənistandan üstün olduğu bir daha sübuta yetiriləcəkdi. Orada Dağlıq Qarabağ məsələsinin gec-tez Azərbaycanın xeyrinə həll olunacağı müzakirə olunacaqdı. Əslində isə rəsmi İrəvan, ümumiyyətlə ermənilər heç vaxt beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmayıb. Azərbaycan Ermənistandan fərqli olaraq bu görüşə hazır idi.
- Ümumiyyətlə, icmaların görüşü münaqişənin həllinə hər hansı bir ciddi təsir göstərə bilərmi?
- Bu, əslində tamamlayıcı faktordur. Problemin həlli hazırda dövlət rəhbərliklərinin razılığından asılıdır. Tamamlayıcı məsələlər isə icmaların görüşüdür. Hər iki icmanın bir-biri haqqında məlumatlı olmasıdır. Ermənistan bütün öhdəliklərdən boyun qaçırır. Çünki hazırda Dağlıq Qarabağda Azərbaycan kanallarının yayımlanmaması üçün min cür qadağa qoyulur. Orada Azərbaycan haqqında məlumat demək olar ki, minimuma endirilib. Orada yaşayan insanlarda faktiki olaraq hüquqsuz insanlardır. Onlara verilən sənədlər beynəlxalq aləmdə tanınmır deyə onlar Ermənistan kənara çıxa bilmirlər. Hərbi polis rejiminin girovları kimi həyat sürürlər. Təbii ki, icma nümayəndələrinin görüşdə iştirak etməməsi faciə deyil. Bununla da bir daha sübut olundu ki, Ermənistan bütün məsələlərə məsuliyyətsiz yanaşır. Bu, Ermənistana verilən şanslardan biri idi. Ermənistan razı olsa da, olmasa da gec - tez bu problem həll ediləcək.
- ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişdirildi. Bunu Fransanın yeni siyasi mövqeyi kimi dəyərləndirmək olar?
- Həmsədrlərin dəyişməsi texniki məsələdir. Sədrin dəyişməsi heç də siyasətin dəyişməsi demək deyil. O, təmsil etdiyi ölkənin siyasətini qurumda təmsil edir. Təəssüflər olsun ki, həmsədrlərin 6 ayda etdikləri işlər tənqid olunası səviyyədədir. Sonrakı səfərlər də formal xarakter daşıyacaq. Bir zamanlar üzdə olan fəallıq hazırda aşağı düşüb. 2012-ci ildə də bədbinlik olacaq, çünki həmsədrlikdə olan hər 3 dövlətdə prezident seçkiləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB