NUR” Uşaq və Gənclərin İctimai Birliyi HİV/AİDS maarifləndirməsini davam etdirir - FOTOSESSİYA
1 Dekabr – Ümumdünya AİDS-lə Mübarizə Gününə həsr olunmuş tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti artıq 4-cü ildir ki, 1 Dekabr – Ümumdünya AİDS-lə Mübarizə Gününə həsr olunmuş televiziya verlişi hazırlayır.
Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelle, "Eurovision" Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov və Nigar Camal, ikiqat dünya və Olimpiya çempionu Fərid Mansurov, "NUR" UGİB sədri Sevinc Muradova, İctimai Televiziyanın "Elm və Təhsil verilişləri" departamentinin direktoru Cəsarət Valehov və gənclər bu verliş vasitəsilə gəncləri sağlam həyat tərzi sürməyə çağırıb, AİDS epidemiyası və effektiv mübarizə vasitələri barədə fikirləri ilə bölüşüblər. Televiziya verlişi dekabrın 1-də İctimai TV-də yayımlanacaq.
Müasir gənclik informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və hazırda internet müxtəlif ölkələrdə yaşayan insanlar arasında çevik ünsiyyət vasitəsidir. Gənclərin internet, xüsusən də sosial şəbəkələrə böyük marağını nəzərə alaraq, "NUR" UGİB dekabrın 1-də Facebook sosial şəbəkəsində keçiriləcək veb konfrans vasitəsilə gəncləri HİV/AİDS-ə qarşı birləşdirməyi nəzərdə tutur.
Dekabrın 1-də həm də MTV tərəfindən hazırlanan "İgnite Trilogy" bədii filminin nümayişi keçiriləcək.
Qeyd edək ki, "NUR" UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008-ci ildən etibarən 4 dəfə "STAYING ALIVE AWARD" mükafatı ilə təltif olunub. Hazırda MTV Staying Alive Fondunun dəstəyi ilə ölkəmizdə "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi həyata keçirilir. "NUR" UGİB-in fəaliyyəti MTV Saying Alive Fondunun rəsmi internet səhifəsində də təqdim olunur. http://foundation.staying-alive.org/en/stories/azerbaijan
Bütün xəbərlər Facebook səhifəmizdə