Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Berlində keçirilən görüşdə iştirak etməyib
Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Almaniyada keçirilən görüşdə iştirak etməyiblər. SİA-nın BBC-nin Azərbaycan xidmətində istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda fəaliyyət göstərən Xarici Siyasət və Təhlükəsizlik üzrə İctimai Şuranın sədri Masis Mailyan bunu Berlin görüşünün formatının "qəbuledilməzliyi" ilə izah edib. Onun fikrincə, "münaqişə Azərbaycan və Qarabağ vətəndaşları arasında" olduğu üçün ermənilər bu tipli tədbirlərə icma kimi qatıla bilməzlər.
M. Mailyan Qarabağın Almaniyadakı "nümayəndəliyinin" görüşə dəvət olunduğunu, lakin dəvətin qəbul edilmədiyini deyib.
Ermənistanın Almaniyadakı səfirliyindən bildirilib ki, görüş barədə Azərbaycan mətbuatından xəbər tutub, belə bir görüş barədə məlumatları olmadığına dair bəyanat veriblər: "Yalnız bizim bəyanatdan sonra səfirliyə görüşdə iştirak üçün dəvət gəldi. Dəvəti ötən cümə günü aldıq, gec olduğu üçün görüşü səfirliyin iş gündəliyinə daxil edə bilmədik".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə Berlində görüş keçiriləcəyinə dair mediadan xəbər tutduğunu və görüş barədə məlumatlı olmadığını bildirib. O, yalnız görüşü Almaniyanın bir qeyri-hökumət təşkilatının keçirdiyindən xəbərdar olduğunu söyləyib. Azərbaycanın Berlindəki səfirliyindən isə bazar ertəsi bildiriblər ki, səfirliyin əməkdaşlarının hamısı sözügedən görüşdə olduqları üçün açıqlama verə bilməyəcəklər.
Qeyd edək ki, noyabrın 28-də Almaniyanın Berlin şəhərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilməsi nəzərdə tutulurdu.
"Dağlıq Qarabağ - dialoq forumu. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında fikir mübadiləsi" adı altında keçirilən tədbirə erməni icması qatılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB