Zülfiyyə Mustafayeva: \"HİV-ə yoluxanlar könüllü müayinədən qaçırlar\" - MÜSAHİBƏ (SƏS TV)

Zülfiyyə Mustafayeva: \"HİV-ə yoluxanlar könüllü müayinədən qaçırlar\" - MÜSAHİBƏ (SƏS TV)

Azərbaycanda HİV xəstəliyinin yayılmasının qarşısının alınması və müalicə olunması istiqamətində bir sıra işlər görüldüyü hamımıza məlumdur. Bu sahədə insanların maarifləndirilməsi və xüsusilə də xəstələrin müalicəyə cəlb edilməsi ən önəmli amillərdən sayılır. Qarşıdan gələn 1 dekabr HİV-lə mübarizə günü ilə əlaqədar müsahibimiz Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri və Azərbaycan Zərərin Azaldılması Mərkəzinin eksperti Zülfiyyə Mustafayevadan bir sıra suallarımıza cavab aldıq.



- Zülfiyyə xanım, bildiyimiz kimi qarşıdan 1 dekabr HİV-lə mübarizə günü gəlir. Eksperti olduğunuz mərkəz HİV-lə mübarizə və Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində hansı işlər görür?


- Azərbaycanda son illərdə HİV-lə bağlı görülən bütün tədbirlər genişləndirilib. Zərərin azaldılması proqramı da həyata keçirilən tədbirlərin ən mühüm hissələrindən biri kimi, birbaşa olaraq HİV-ə yoluxma risqi daha çox olan qruplara yönəldilib. Ümumiyyətlə, HİV-in yoluxmasının qarşısının alınması istiqamətində Azərbaycanda bir sıra işlər görülür. Əsasən də bu işlər maarifləndirmə xarakterlidir. Məlumat kitabçaları və bu kimi digər vasitələr bizim xəstəliklə mübarizə üçün ən çox istifadə etdiyimiz üsullardır. Bununla yanaşı, xəstələrin müayinə və müalicəyə cəlb edilməsi də kifayət qədər önəmlidir. Çünki xəstəliklə mübarizə nə qədər tez başlasa və müdaxilə nə qədər tez olsa bu o qədər yaxşıdır. Hazırda Zərərin Azaldılması proqramları bölgələrdə də xəstəliklə mübarizə tədbirlərini genişləndirir.



- HİV-ə yoluxma ilə bağlı maarifləndirmə işlərinə üstünlük verildiyini dediniz. Maraqlıdır, maarifləndirməni əsasən hansı üsullarla həyata keçirirsiniz?


-Bəli, bu istiqamətdə əsasən məlumat kitabçaları paylanır. Kitabçalarda xəstəliklə bağlı kifayət qədər məlumat, yoluxma, müayinə və müalicə üsulları göstərilir. Profilaktik tədbirlərin bir hissəsi də xəstələrin müalicəyə cəlb olunmasıdır. Bu da öz növbəsində çətin müddətdir. Məsələn venadaxili narkomaniya ilə məşğul olanlara steril şprislərin paylanması köhnə şprislərin yığılaraq yararsız hala salınması və bu kimi bir çox işlər maarifləndirmə tədbirləri arasındadır. Məsələn, qadınların tez-tez getdiyi gözəllik salonlarında HİV-in yoluxması üçün şərait yaradan bir sıra amillər olduğu hamımıza məlumdur. Lakin salonlarda məlumat kitabçalarına yer verilməsi müştəriləri sterilizasiya ilə başlı məlumatlandırmaq çox yaxşı maarifləndirmə üsuludur. Amma qeyd etməliyəm ki, qarşılaşdığımız ən çətin problem xəstələrin müalicəyə cəlb olunması ilə bağlı olur.



- Zülfiyyə xanım, ilk sualımda HİV-ə yoluxma risqi daha çox olan qruplar var dediniz. Bu qruplar hansılardır. Ümumiyyətlə HİV virusu əsasən hansı yollarla yoluxur?


- Bəli virusa yoluxma şansı hamımızda olsa da, müəyyən qruplar var ki, onların şansı daha çıxdur. Bunlardan da əsasən venadaxili narkomaniya ilə məşğul olanlar və seksual bizneslə məşğul olan qadınları misal göstərmək olar. Miqrantlar, küçə uşaqları, homoseksual münasibətlərdə olanlar da bu qruplara daxildir. Lakin statistik göstəricilərə nəzər salsaq deyə bilərik ki, HİV-ə yoluxanların 60 faizdən çoxu narkomaniya istifadəçiləridir. Seksual bizneslə məşğul olan qadınlarda da bu göstərici kifayət qədərdir. HİV-in yoluxmasının əsasən 5 yolu var: 1- Narkotikadan istifadə nəticəsində, 2- Cinsi yolla; 3- ana bətnində anadan uşağa; 4- Donor qanı vasitəsilə; 5- Seksual biznes nəticəsində. Lakin bunlarla yanaşı bir sıra köməkçi üsullarda var. Məsələn, stomotoloji klinikalarda alətlərin düzgün sterilizə edilməməsi, gözəllik salonlarında manikur və pedikur zamanı və s...



- Bəs statistik göstəricilərə görə, hazırda Azərbaycanda HİV-ə yoluxmuş nə qədər adam var və onların neçəsi rəsmi qeydiyyatdan keçib?


- Azərbaycanda son 9 ay ərzində 3000 nəfərdən yuxarı şəxs hazırda QİÇS-lə mübarizə mərkəzində rəsmən qeydiyyatdadır. Təbii ki, biz ekspertlər olaraq bu göstəricilərin daha da artacağını düşünürük. Çünki nə qədər ki, müayinələr və könüllü müalicələrin sayı azdır, bu xəstəliyə yoluxanların sayının artmasına zəmin yaradır. Eyni zmanda nəzərə almalıyıq ki, statistika yanlız rəsmi qeydiyyatdan keçənləri hesablayır. Lakin məlumdur ki, qeydiyyatdan keçməyən yüzlərlə bəlkə də minlərlə belə xəstələr var. Hər nə qədər olmasa da biz bu xəstəliyin epidemiya halını almaması üçün əlimizdən gələni edirik.


- Ən böyük çətinliyinizin müalicəyə cəlb etmək olduğunu dediniz. Xəstələrin könüllü müalicəyə cəlb olunmasında əsas problem yaradan səbəb onların cəmiyyət tərəfindən təcrid edilməsidir?


- Bəli, əslində çox düzgün dediniz müalicəyə cəlb etməkdə ciddi problemlər yaşayırıq. Əsas səbəb də qeyd etdiyiniz kimi cəmiyyətin düşüncə tərzindəki problemdir. Yəni insanlar bu virusa yoluxanda bunu deməyə çəkinirlər. Çünki cəmiyyət tərəfindən damğalanır, təcrid olunurlar. Bu da öz növbəsində mövcud olan ciddi problemlərin daha da yayılmasına gətirib çıxarır. Əslində xəstəliyin tez aşkar edilib müalicə olunmasındansa yoluxmasının qarşısının alınması daha vacib və əlverişlidir. Çünki yoluxmanın qarşısını almaq üçün görülən tədbirlərə xərclənən pul virusa yoluxanları müalicə etməkdən daha çoxdur. Ümumiyyətlə, insanlarda elə bir qorxu var ki, QİÇS-lə mübarizə mərkəzinin qapısından girməyə qorxurlar. Amma nəzərə almaq lazımdır ki, bu cür qorxular gecikməyə gətirib çıxara bilər və belə olduqda da xəstəliyin yayılmasının qarşısını almaq daha da çətinləşir.

Hansısa üsulla hər hansı xəstəliyə yoluxmaq nə qədər arzuolunan olmasa da, heç kimin xəstəliyə yoluxmayacağına zəmanət yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə