Qubanın Alıc-Digah kəndinin məscidi qəzalı vəziyyətdədir

200 ildən artıq tarixə malik Qubanın Alıc-Digah kəndinin məscidi qəzalı vəziyyətdədir. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, XVIII əsrin əvvəllərində inşa olunan bina bu gün acınacaqlı dövrünü yaşayır. Çiy kərpicdən tikilən məscidin divarları və dam örtüyü artıq sıradan çıxıb. Yerli sakinlərin sözlərinə görə, sovet dövründə buradan anbar kimi istifadə olunub. Müstəqilik dövründə isə məscidin fəaliyyəti bərpa olunsa da, təmir olunmadığından acınacaqlı vəziyyətə düşüb. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə tarixi abidə kimi qeydiyyata alınan binanın uçma təhlükəsi olduğu üçün sakinlər dini ayinləri məscidin həyətində yerinə yetirirlər. Yerli sakinlərin dediyinə görə, dəfələrlə məscidin vəziyyəti ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Onlara bildirilib ki, maliyyə vəsaiti olan kimi məscid binası bərpa olunacaq. Həmçinin kənd camaatı öz vəsaitləri hesabına da məscidi təmir etdirmək istəyindədirlər. Məsələ ilə bağlı Quba rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elxan Məhərrəmovun da mövqeyini öyrəndik. Şöbə müdiri deyir ki, Qubada mövcud olan 162 tarixi abidənin 60%-nin təmirə ehtiyacı var. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib və yaxın zamanda təmir işlərinə başlanılacaq.O, ki, qaldı sakinlərin öz vəsaitləri hesabına məscidi təmir etdirmək istəmələrinə Elxan Məhərrəmov bunun mümkünsüz olduğunu deyir.

Bina tarixi abidə olduğundan təmir-bərpa işlərini yalnız Mədəniyyət və Turizm Nazirliyi həyata keçirməlidir.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə