“Şahdağ”da elektrik enerjisi istehsalında problem yaranmayıb

“Şahdağ”da elektrik enerjisi istehsalında problem yaranmayıb

"Şahdağ" elektrik stansiyasında aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtında göstərilmiş və bunun nəticəsində plansız boş dayanmalara yol verilməyib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, cari ilin ötən 10 ayında da elektrik enerjisi istehsalında problem yaranmayıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Mənbənin bildirdiyinə görə, stansiyada cari ilin 10 ayı ərzində 230 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Məlumat üçün bildirək ki, göstərilən müddət ərzində enerji obyektində proqnozlaşdırıldığından təxminən 5,1 milyon kilovatssatdan atrıq elektrik enerjisi istehsalına nail olunub.

Cari ilin oktyabr ayında isə burada 25,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 360 min kilovatsaat çoxdur.

Tələbatçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə aqreqatlarda aparılan texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən aparılır.

Cari ilin son 3 ayı ərzində generatorlarda və 3 saylı 40 mVA-lıq güc transformatoru və onun köməkçi avadanlıqları cari təmir edilmiş, idarəetmə hava kompressorunda texniki qulluq işləri həyata keçirilib.

Yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilib.

Xatırladaq ki, hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarət olan bu elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilib. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq II Quba hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədilə 2 kilometr uzunluğunda yeni xətt çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə