AGAT-ın nümayəndə heyəti Parisə gedəcək

AGAT-ın nümayəndə heyəti Parisə gedəcək

02-12 dekabr, 2011-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, sədr müavini Nərgiz Eyvazova və AGAT-ın fəalı Vüqar Muradov, Rəhim Babayev və Abbas Səfərov Fransanın Paris şəhərində "Fəaliyyətdə incəsənət!" adlı beynəlxalq tədbirdə iştirak edəcək. AGAT-dan SİA-ya verilən xəbərə görə, tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir.

10 gün ərzində keçiriləcək tədbirdə Avropanın 8 dövlətindən (Fransa, Türkiyə, Polşa, İspaniya, Moldova, Ukrayna, Rusiya və Azərbaycan) gənc mütəxəssislər iştirak edəcəkdir.

8 dövlətdən 50 nəfər iştirakçı olan tədbirdə Avropa və Qafqaz ölkələri arasında mədəniyyət mübadiləsi təşkil olunacaq, ölkələrin reallıqları barədə müzakirə aparılacaq, Paris şəhərinin mərkəzi küçələrində qeyd olunan ölkələrin mədəni irsləri ilə bağlı fəaliyyət nümayiş olunacaq. Tədbir zamanı mədəniyyətlərarası mübadiləni inkişaf etdirməklə əməkdaşlıq yaradıb yeni şəbəkələrlə gələcək layihələr üzərində iş aparılacaq, iştirakçılar öz fikir, bacarıq və təcrübələrini paylaşacaqlar. Eyni zamanda proqram ərzində ölkəmizin milli musiqiləri, milli alətlərdə ifa, milli rəqs və rəssamlıq işləri təqdim olunacaqdır. Səfər çərçivəsində Azərbaycanın Fransadakı səfiri və diaspora rəhbəri ilə görüşlərin keçirilməsi planlaşdırılıb.

AGAT tədbir ərzində Azərbaycanın mədəniyyət istiqaməti üzrə təqdimatını edəcəkdir. Qeyd edək ki, AGAT Fransanın ən böyük şəbəkəsi sayılan AMSED-ə tam hüquqlu üzvdür. Tədbir AMSED şəbəkəsinin üzvü "Association des Artistes et des Couleurs et de la Diversité" təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə