Beynəlxalq Mətbuat İnstitutu Rafiq Tağının qətli ilə bağlı açıqlama yayıb
Tanınmış yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsini dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutu (BMİ) pisləyib. Nüfuzlu qurum hadisə ilə bağlı açıqlama yayıb. Bu barədə SİA-ya BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, açıqlamada BMİ-nin mətbuat azadlığı üzrə meneceri Antoni Milz bu qətli pisləyib. A.Milz R.Tağının yazılarına görə qətlə yetirildiyini düşündüyünü deyib: "Biz bu qətli qətiyyətlə pisləyirik. Hələlik bu qətlin arxasında kimin durduğunu bilmirik, əlimizdə bununla bağlı konkret bir fakt yoxdur. Azərbaycan hakimiyyətini tezliklə bu cinayətin iştirakçılarının tapılması üçün bütün mümkün addımları atmağa çağırırıq. BMİ Azərbaycanda jurnalistlərə qarşı törədilən cinayət faktlarının açıqlamamasından, cinayətkarların cəzalanmamasından çox narahatdır. Çünki cəzasızıq şəraiti jurnalistlərə qarşı təhlükəni daha da artırır. Biz Rafiq Tağının ailəsinə, yaxınlarına və Azərbaycandakı həmkarlarımıza başsağlığı veririk!"
BMİ-nin baş ofisindən yayılan açıqlamada qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun da fikirləri yer alıb: "Rafiq Tağının ölüm xəbərini eşidəndə dərhal onun müalicə olunduğu xəstəxanaya getdim. Baş verən hadisə ilə yerindəcə maraqlandım. BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri onun dəfnində iştirak etdilər. Rafiqin bu qətlindən çox sarsılmışıq. Necə də sarsılmayaq, jurnalist həmkarımız vəhşicəsinə qətlə yetirilib. Mən onun öldürülməsinə etiraz edənlərlə həmrəyəm, tezliklə bu qətli törədənlərin tapılmasını və onların ədalət məhkəməsi qarşısında cavab vermələrini istəyirəm."
Açıqlamada R.Tağının İranla bağlı yazdıqları, 2006-cı ildə isə həbs olunması da xatırladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB