Kommunal xidmətlərin də qiyməti qaldırıldı

Kommunal xidmətlərin də qiyməti qaldırıldı

Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında bir sıra xidmətlərin qiyməti artırılıb.

Bu sırada Bakı Metropoliteninlə yanaşı digər xidmələr də var. Tarif Şurasından SİA-ya verilən məlumata görə, tarif Şurasının bu gün keçirilən iclasında bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kub metr üçün 1,2 manat səviyyəsində təsdiq edilmişdir. Şuranın müvafiq qərarı ilə bu sahədə istehlakçılara xidmətlərin müqavilə əsasında göstərilməsi tapşırılıb. Yeni tariflərin tətbiqi bərk məişət tullantılarının idarə edilməsi sahəsində xidmət sferasının genişləndirilməsi, tullantıların yığılması və daşınması üçün konteynerlərin sayının və həcminin artırılması, əlavə xüsusi nəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına şərait yaradacaq.


Tarif (qiymət) Şurasının iclasında "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilib. Belə ki, isti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 1,5 manat səviyyəsində təsdiq edilib. Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfiyyatının aylıq norması 2 kub metr səviyyəsində müəyyən olunub.


Bundan başqa, Tarif (qiymət) Şurasının qərarı ilə isitmə xidməti tarifləri 1 kvadrat metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kub metr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib. Tariflərin isidilən həcmə və istilik enerjisinə görə müəyyənləşdirilməsi bu sahədə nəzarət-ölçmə işlərinin daha dəqiq aparılmasına və sayğaclaşmanın stimullaşdırılmasına xidmət edəcək.

Bununla yanaşı, Şuranın qərarında sayğac quraşdırılmadığı hallarda istehlakçılarla hesablaşmaların istilik mövsümünün başlanması və başa çatması tarixləri xidmət göstərən subyekt tərəfindən Tarif (qiymət) Şurasına əvvəlcədən bildirilməklə, həmin tarixlərə uyğun olaraq istiliklə təmin edilən faktiki günlərin sayına görə aparılması və xidmətlərin müqavilə əsasında həyata keçirilməsi də öz əksini tapıb.

Hazırda əhali üzrə isti su təchizatı xidmətləri təqribən 1500 ailəni əhatə edir və "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətləri üzrə gəlirlərin yalnız 10%-i əhali qrupu üzrə formalaşır. Bu baxımdan, tariflərin müəyyənləşdirilməsi "Azəristiliktəchizat" ASC-nin rentabelli fəaliyyətini təmin edəcək səviyyədə olmasa da, xidmətin davamlılığının və keyfiyyətinin artırılması ilə bağlı bir sıra zəruri işlərin görülməsinə imkan yaradacaq.



Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən göstərilən radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı sahəsində xidmətlərin tarifləri ölkə ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri üçün 12 dəfə endirilib.


İclasda həmçinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet xidmətlərinin tariflərinə də baxılmışdır. Belə ki, ölkədə internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin aşağı salınması tədbirlərinin davamı olaraq, Xidmət tərəfindən təqdim edilən mövcud internet tarifləri orta hesabla 7,1 dəfə azaldılmışdır.



Tarif (qiymət) Şurasının iclasında, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosunun mövcud ekspertiza xidmətlərinin tarifləri orta hesabla 5 faiz aşağı salınmış, yeni xidmətlər üçün tariflər təsdiq edilmişdir.


İclasda həmçinin, soba mazutu ilə müqayisədə təbii qazdan istifadənin ekoloji cəhətdən daha səmərəli olduğu nəzərə alınaraq, soba mazutunun ölkədaxili topdansatış qiymətinə baxılması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciəti müzakirə olunmuş və soba mazutunun topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla, bir ton üçün 140 manat səviyyəsində müəyyən edilmişdir.


Yeni tariflər 1 dekabr 2011-ci il tarixindən qüvvəyə minəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə