“İRƏLİ” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edib

“İRƏLİ” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edib

23-26 Noyabr 2011-ci il tarixləri arasında "Bakı Ekspo" mərkəzində "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı keçirilib.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, sərgidə "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi də təmsil olunub. "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzinə aid stenddə mərkəzin həyata keçirdiyi layihələr sərgi iştirakçılarına təqdim olunub. "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzinin məhsulu olan Azərbaycanla bağlı olan saytlar, bloqlar, Azərbaycanın 50-dən çox rayonunu əhatə edən İnformasiya Texnologiyaları Akademiyası layihəsi, təmənnasız olaraq keçirilən İT təlimlər və seminarlar, Azərbaycan bloqçuluq şəbəkəsi olan WeBlog layihəsi və eyni zamanda milli maraqların qorunması ilə bağlı həyata keçirilən layihələr gün ərzində sərgini zhiyarət edən 200-dən çox insanın marağına səbəb olub. Sərgi zamanı ziyarətçilər ilə maraqlı oyunlar da təşkil olunub.

Qeyd edək ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan "BakuTel-2011" sərgisi keçirildiyi illər ərzində ölkənin və bütövlükdə regionun telekommunikasiya bazarının ayrılmaz hissəsi olan İKT sahəsinin aparıcı tədbirinə çevrilib.

"BakuTel-2011" sərgisi Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə təşkil olunub. Bu il sərgidə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edib. Sərginin 40 faizdən çox hissəsini yerli informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distributerlər, rabitə operatorları və servis şirkətləri təşkil edib. Sərgi yerli İKT müəssisələrinin hərtərəfli inkişafına təkan verir və onların dünya standartları səviyyəsində məhsul istehsalına əlavə imkanlar yaradır. Sərgidə təqdim edilən yeniliklər innovasiyalı məhsul, xidmət və texnologiyaların milli bazarda təşviqinə, həmçinin ölkəmizin qlobal informasiya məkanına daha sıx inteqrasiyasına da təkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə