Musa Quliyev (Musa Urud) - 50
Azərbaycanın ictimai-siyasi həyatında, ədəbi mühitində böyük xidmətləri olmuş görkəmli şair, ictimai xadim, Milli Məclisin üzvü Musa Quliyevin anadan olmasının 50 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası şəxsinə və ailəsinə uzun ömür və cansağlığı arzulayır.
Musa Quliyev (Musa Urud) 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir (1978). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirmişdir, tibb elmləri üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlamışdır (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri (1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləmişdir.
İlk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın \"Uğurlu yol\" təqdimatı ilə \"Azərbaycan gəncləri\" qəzetində çıxmışdır. 1988-ci ildə əlisilahlı erməni quldurları tərəfındən doğma yurddan ellikcə qaçqın salınmışdır. Bununla əlaqədar onun kövrək poeziyasına doğma yurd həsrəti, didərginlik taleyi, el dərdi müharibə ağrı-acıları motivləri daxil olmuşdur. Gəncədə \"İlham\" ədəbi birliyinin fəal üzvü kimi yazıb-yaradıb. Prezident təqaüdçüsü (1998), \"Nizami Aydın\", \"Araz\", \"Yusif Məmmədəliyev\" ədəbi mukafatları laureatıdır.
Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür, 11 kitabın, 200-dən çox elmi, siyasi, publisistik məqalənin müəllifidir.
2000-ci ildə YAP proporsional siyahısı üzrə Milli Məclisin deputatı seçilmiş, 2005 və2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə (üçüncü və dördüncü çağırış) 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavinidir. Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Bir daha Musa Quliyevi 50 illik yubileyi münasibətilə təbrik edir və ona fəaliyyətində uğurlar diləyirik.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası

Bütün xəbərlər Facebook səhifəmizdə