Ramiz Mehdiyev: \"Qurultay Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək\"

Ramiz Mehdiyev: \"Qurultay Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək\"

Bu gün Rusiyada öz işinə başlayan Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı başa çatıb. SİA-nın xəbərinə görə, qurultayın işində Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qonaq qismində iştirak ediblər.

Tədbirə Azərbaycan Respublikasından Qurultayın işində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Naqdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu qatılıb.

Qurultayı giriş sözü ilə açıq elan edən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılmış ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasındakı rolundan danışıb. Rusiyada yaşayan bir sıra görkəmli azərbaycanlıların Rusiya Federasiyasının inkişafına mühüm töhfə verdiyini bildirib. Məmməd Əliyev qurultayın gündəliyində duran məsələlər barədə məlumat verdikdən sonra qurultayın işçi orqanları yaradılıb, çıxış və məruzələr üçü reqlament müəyyən edilib.

Daha sonra Rusiya Federasiyası Prezident Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin müavini Sergey Vinokurov RF prezidenti Dmitri Medvedevin Qurultay iştirakçılarına müraciətini oxuyub. D. Medvedev məktubunda Rusiya və Azərbaycan xalqlarını yüz illərlə bir-birinə bağlayan sıx dostluq və etimad əlaqələrinin olduğunu söyləyib: "Əvvəlki nəsillər bizim birgə tariximizi yaradıblar və bu tarixlə biz indi də fəxr edirik. Qiymətli dostluq, qonşuluq və əməkdaşlıq ənənələrimiz nəsildən-nəslə keçərək indi də inkişaf edir. Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir. Bu gün Azərbaycan diasporu Rusiya iqtisadiyyatına böyük töhfə verir, ölkənin elm, təhsil və mədəni həyatında aktiv iştirak edir, millətlərarası və icmalararası əlaqələrin möhkəmləndirilməsində mühüm fəaliyyət göstərir".

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarına çatdırıb. Məktubda Azərbaycan prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından danışıb: "İkitərəfli münasibətlərin inkişafında Rusiyada yaşayan azərbaycanlıların heç də az olmayan rolu var. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər və Rusiyanın suverenliyinə öz töhfələrini verirlər. Rusiyada vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi Ümumrusiya Azərbaycan Konqresinin rolu qeyd olunmalıdır. Rusiyanın demək olar ki, bütün regionlarında bölmələri yaradılan ÜAK qısa bir zamanda təsirə malik ictimai birliklərdən birinə çevrilib. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması ÜAK-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Əminəm ki, ÜAK-ın III qurultayı həm qurumun fəaliyyətində, eyni zamanda Rusiyada yaşayan Azərbaycan diasporu üçün mühüm hadisə olacaq və hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək".

ÜAK prezidenti Məmməd Əliyev Ümümrusiya Azərbaycan Konqresinin II Qurultayından ötən müddət ərzində görülmüş işlərə dair hesabat verib. O ÜAK-ın Rusiyanın demək olar ki, bütün subyektlərində fəaliyyət göstərdiyini qeyd edərək regional bölmələr arasında fəallığı ilə fərqlənən təşkilatların adlarını qeyd etmişdir. O Rusiyada qısa müddət ərzində yüksək səviyyədə təşkilatlanmış Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının uğurlarını qeyd edərək bildirmişdir ki, ÜAK bundan sonra daha da uğurlu fəaliyyət göstərməyə məhkumdur.

Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edib. O Azərbaycan və Rusiyanın müttəfiq ölkələr olduğunu qeyd etmiş və bu müttəfiqlik münasibətlərinin formalaşmasında iki xalq arasındakı dostluq münasibətlərinin də payı olduğunu qeyd edib. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edən Ramiz Mehdiyev bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsiz Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Rusiyanın göstərdiyi dəstəyin əhəmiyyətli olduğunu vurğulayıb. Rusiyada yaşayan azərbaycanlıların böyük potensiala malik olduğunu söyləyən Ramiz Mehdiyev ÜAK-ın ən böyük Azərbaycan diaspor təşkilatlarından biri olduğunu qeyd edib. Azərbaycan dövlətinin diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşdığını qeyd edən Ramiz Mehdiyev bu ənənənin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib.

Nitqini tamamladıqdan sonra Ramiz Mehdiyev ÜAK prezidenti Məmməd Əliyevin Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edildiyini qeyd edib və medalı ona təqdim edib. Daha sonra Ramiz Mehdiyev Dünya Azərbaycanlılarının III Qurultayında üzürlü səbəblərə görə iştirak edə bilmədiklərinə görə təltif olunduqları medal və fəxri adları təqdim edilməyən Azərbaycan diasporunun tanınmış nümayəndələri Qod Nisanov və Moskvadakı "Dərviş" teatrının baş rejissoru Mərdan Feyzullayevə müvafiq olaraq "Tərəqqi" medalı və "əməkdar artist" fəxri adını və müvafiq vəsiqələri onlara təqdim edib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Rusiyada azərbaycanlıların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib və bunun iki ölkə arasındakı müttəfiqlik münasibətləri ilə yanaşı Azərbaycan və rus xalqlarının mehriban qonşuluq və dostluq ənənələrindən irəli gəldiyini vurğulayıb.

Daha sonra ÜAK-ın İdarə Heyətinin üzvü, Moskva regional bölməsinin sədri İlqar Hacıyev, tanınmış ictimai xadim Rüstəm Arifcanov, Sverdlovsk regional bölməsinin rəhbəri Şahin Şıxlinski və digərləri çıxış edib, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Daha sonra Mandat komissiyasının hesabatı dinlənilib, qurultayın işində seçilən 130 nümayəndədən 119-nun iştirakı təsdiqlənib. Mandat Komissiyasının, Nəzarət-Təftiş komissiyasının hesabatları səsə qoyularaq bəyənilin, ÜAK-ın nizamnaməsinə dəyişikliklər qəbul edilib.

Qurultayda "Ümumrusiya Azərbaycan Konqresinin RF prezidenti Dmitri Medvedevə Müraciəti", "Ümumrusiya Azərbaycan Konqresinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Müraciəti" qəbul edilib, "Ümumrusiya Azərbaycan Konqresinin Bəyanatı", "ÜAK-ın Qətnaməsi" qəbul olunub. Daha sonra ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi Şurası seçilib. 7 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib. Qurultay işini başa çatdırdıqdan sonra Qurultay nümayəndələrinin iştirakı ilə ÜAK-ın Mərkəzi Şurasının yenin tərkibinin iclası keçirilib. Məmməd Əliyev yenidən ÜAK-ın prezidenti, Mərkəzi Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin tərkibi seçib. Mərkəzi Şuranın iclasında Mikayıl Hüseynov Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə