“Dünyada hər il təxminən 700 min nəfər insan alverinin qurbanı olur”
Noyabrın 25-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan Qaldırılması Günü qeyd edilib. ATGTİ-dən SİA-ya verilən xəbərə görə, kampaniya BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə reallaşdırılır.
Tədbirdə iştirak edən BMT-nin İctimai İnformasiya Departamentinin Bakıdakı nümayəndəsi xanım Envere Selimoviç gəncləri tədbirin məqsədi haqda məlumatlandıraraq qeyd edib ki, gənclərlə işləmək və onları bu və ya digər məsələlərlə bağlı maarifləndirmək BMT üçün prioritet məsələlərdəndir.
Daha sonra çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov tədbirin bu gün ATGTİ-də keçirilməsinin təsadüfi olmadığını qeyd edib: "Gənclərin geniş fəaliyyət platformasına çevrilmiş ATGTİ, gənclərin hərtərəfli inkişafına çalışır".
Tədbirin davamında iştirakçılara "No is No" qadınlara qarşı zorakılığa "YOX" deyirik kampaniyası çərçivəsində hazırlanmış qısa film nümayiş etdirilib.
BMT-nin İctimai İnformasiya Departamentinin əməkdaşları gənclərin gender bərabərliyi, məişət zorakılığı, qadın hüquqları, qadın alverinin qurbanları və s. bu kimi mövzuda çoxsaylı suallarını cavablandırıblar.
Bildirilib ki, BMT-nin rəsmi məlumatına görə dünyada hər il təxminən 700 min nəfər insan alverinin qurbanı olur.
Qeyd edək ki, ATGTİ BMT İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə bu cür tədbirləri davamlı şəkildə əksər ali təhsil müəssisələrində keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB