"Beyləqan Elektrik Şəbəkəsi"nin xidməti ərazisi 2 ədəd 110 kilovoltluq xətdən qidalanır. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, bunlar \"Beyləqan\" və \"Xalac\" xətlərindən ibarətdir. Həmin xətlərdə təmir işləri tam başa çatıb. Qüsurlu izolyatorlar dəyişdirilib, xətlərin keçdiyi trassalar yaşıl kütlədən təmizlənib. Qeyd edək ki, 110 kilovoltluq \"Yeni Beyləqan\" yarımstansiyasında cari təmir işləri aparılıb. 10 kilovoltluq tərəfdə yağ açarları daha müasir açarlarla əvəz olunub. Eyni gərginlikli \"Beyləqan\" yarımstansiyasında isə 25 MVA-lıq transformator əsaslı təmir edilib. O cümlədən \"Daşburun\" yarımstansiyasında nəzərdə tutulan cari və əsaslı təmir işləri də başa çatdırılıb. \"Kəbirli\" yarımstansiyasında vakuum tipli açarlar quraşdırılmaqla dayanıqlıq artırılıb. \"Sarısu\" yarımstansiyasında yağ açarlarında əsaslı təmir aparılmaqla saz vəziyyətə gətirilib.
Şəbəkənin balansında olan 7 ədəd 35 kV-lik yarımstansiyalarda da qrafik üzrə nəzərdə tutulmuş işlər əsasən icra olunub. Bundan əlavə, 10-0,4 kV-lik xətlərdə və transformator məntəqələrində də nəzərdə tutulan tədbirlər yerinə yetirilib. Görülən işlərin nəticəsi olaraq elektrik enerjisinin tələbatçılara ötürülməsində heç bir çətinlik yoxdur.
Rayon üzrə sayğaclaşdırma işləri tam başa çatıb. Hazırda 1200 məcburi köçkünün sayğacla təmin olunması istiqamətində iş aparılır. Gələn ildən isə əhalinin sıx yaşadığı rayon mərkəzində smart-kart tipli sayğacların quraşdırılması nəzərdə tutulub.
Perspektivdə nəzərdə tutulan digər işlərə gəldikdə isə 35 kV-lik \"Xalac\" elektrik verilişi xəttinin yenidən qurulması nəzərdə tutulub.
Sonda onu da qeyd edək ki, rayonda təxminən 900-dən çox transformator məntəqəsi istismar olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB