Dünən Bakıda müşahidə olunan qeyri-sabit, çovğunlu hava şəraiti öz ardınca ciddi fəsadlar qoyub. Ən pisi isə odur ki, bu gün paytaxtın əksər ərazilərində qaz verilişi kəsilib. SİA-ya məlumat verən Binəqədi sakinləri bildirdilər ki, şaxtalı gecəni soyuq otaqlarda keçirməli olublar.
Azərbaycanda müşahidə olunan güclü çovğun paytaxta eləcə də regionlarda ciddi fəsadlar törədib. Yolda hərəkətin məhdudlaşması ilə yanaşı dəmir yolunda da gecikmələr baş verib.
Belə ki, Sanqaçal ərazisində dəmir yolu xətlərinin buz bağlaması nəticəsində "Bakı-Astara" marşrutu ilə hərəkət edən qatardakı sərnişinlər ötən gecəni qatarda keçirməli olublar. Bu gün səhər saatlarından dəmir yolu xəttinin buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb və qatarın hərəkəti yenicə bərpa olunub.
Paytaxtın yolları, səkiləri buzlaş bağlaması səbəbindən bu gün səhər saatlarında işə tələsən insanların və nəqliyyat vasitələrinin hərəkətində də problemlər yaranıb. Əksər avtobuslar yola çıxmadığından insanlar metroya çatmaq üçün xeyli yolu piyada yol qət etməli oldular.
Taksilər fürsəti əldən verməyib
Dünənki çovğunlu qar Bakının nəqliyyat sektorunun fəaliyyətini də iflic edib. Ötən gün gecə Bakı-Sumqayıt və şəhərin şimal girişində tıxaclar yaranıb. Rayonlardan paytaxta çətinliklə çata bilən avtobuslardakı sərnişinlər Avtovağzaldan "20 yanvar" metrostansiyasına kimi olan ərazini piyada gəlməyə məcbur olublar. Şahidlərin dediyinə görə, fürsətdən istifadə edən taksilər sözügedən əraziyə getmək üçün 10-20 manat tələb ediblər. Ancaq yollar buz bağladığından taksilər də sərnişinləri yarı yolda düşürməyə məcbur olub.
Bu gün Bakı-Sumqayıt magistral yolunda hərəkət nisbətən stabilləşib. Ancaq yollar buz olduğundan hələ də Sumqayıt istiqamətində çox az sayda marşrut işləyir.
16 nəfər "sürüşüb"
Paytaxtın isə hələ də bəzi ərazilərdə 10-15 santimetr qalınlığında qar və buzun olmasına baxmayaraq yolların təmizlənməsinə və qumlanmasına rast gəlmədik. Yalnız dünən paytaxtın Hüseyn Cavid prospekti, Mətbuat prospekti və şəhərin bəzi mərkəzi hissələrində təmizlənmə işləri aparıldı. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən aldığımız məlumatda isə bildirildi ki, dünən 10 yaxın qartəmizləyən və yolsüpürən maşın yolların təmizlənməsinə cəlb edilib.
Şaxtalı-qarlı hava şərait və yolların buz bağlaması insan səhhətinə fasadsız da ötüşməyib. Yolların buz bağlaması 14 nəfərin xəsarət alması ilə nəticələnib.
Son sutka ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, müraciət edənlərin 10 nəfərinin xəsarətləri ağır olduğundan xəstəxanalara yerləşdirilib: "Zərərçəkənlərin hamısına yuxarı və aşağı ətrafların sınıq və əzikləri diaqnozu qoyulub. Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları bu gün də gücləndirilmiş iş rejimində işləyəcək".
Yol Polis İdarəsindən isə verilən məlumata görə isə yolların buzlaşması nəticəsində ölkə ərazisində 16 yol-qəza hadisəsi qeydə alınıb, 17 nəfər isə xəsarət alıb. 2 nəfər dünyasını dəyişib. Paytaxtda isə 5 yol qəza hadisəsi baş verib. Ölüm halı qeydə alınmayıb. 1 nəfər piyada xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib. Hazırda Bakı-Şamaxı, Bakı-Quba, İsmayıllı-Muğanlı yolları, həmçinin Ağsu dolayları tamamilə buzlaşıb. Bu yollarda hərəkət məhdudlaşıb və yalnız iki oxu aparıcı olan, xüsusi zəncirli və qış təkərləri ilə təmin olunmuş nəqliyyat vasitələrinin hərəkəti tövsiyə olunur. Hazırda Kürdəmir, Sabirabad, Yevlax və Balakən rayonlarında hələ də qar yağır. Lakin yollarda buzlaşma yoxdur.
Yollar buz bağlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə, Bakıda və Abşeron yarımadasında noyabrın 25-də günün ikinci yarısında dəyişkən buludlu, əsəsən yağmursuz hava şəraiti gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Yollar buz bağlayıb.
Rayonlarda hava şəraiti yağıntılı olacaq, sulu qar, qar yağacaq. Gecə şərq rayonlarında arabir intensivləşəcəyi gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB