Xaçmaz rayonunda kompleks mülki müdafiə təlimləri keçirilib

Xaçmaz rayonunda kompleks mülki müdafiə təlimləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) mülki müdafiə işinin təşkili baş idarəsinin Xaçmaz Regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə rayonda kompleks mülki müdafiə təlimləri keçirilib. SİA-nın Şimal bölgəsinin verdiyi xəbərə görə, noyabr ayının 22-24-də keçirilən təlimlər "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili"nə həsr olunub.

Xaçmaz rayon FHK-nın sədri Akif Mərdanovun verdiyi məlumata görə, təlimlər mülki müdafiə dəstələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilir. Onun sözlərinə görə, təlimlərdə şəxsi heyətin idarəetmə bacarığının artırılması, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması yoxlanılır.Təlimdə mülki müdafiə qüvvələri şərti olaraq obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hallar baş verən ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş verən obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi, adamların təhlükəsiz əraziyə köçürülməsi və digər tapşırıqları yerinə yetiriblər. Təlimlərdə 215 nəfər canlı qüvvə, 31 ədəd müxtəlif təyinatlı texnika iştirak edib.


Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə