Xaçmaz məktəblərində forması olan şagirdlər dərsə buraxılmır

Yeni tədris ilinin başlamasından 2 ay vaxt keçməsinə baxmayaraq, hələ də vahid məktəbli forması problemi gündəmdən düşmür. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, bu dəfə Xaçmazın Niyazabad kənd orta məktəbinin bir qrup şagirdi geyim məsələləsinə görə dərsə buraxılmayıb. Baxmayaraq ki, onların forması var. Məktəblilərin bildirdiyinə görə, direktor Əmirxan Sərdarov onlara deyib ki, "geyimi başqa dükanlardan yox, yalnız "Tom-Jerri" adlı satış mərkəzindən almalısınız. Əks təqdirdə dərsə buraxılmayacaqsınız". Bu məsələ valideynləri də ciddi narahat edir. Onlar məktəb direktorunun qanunsuz əməlinə görə övladlarının təhsildən kənarda qalmasına etirazlarını bildiriblər. Niyazabad kənd orta məktəbinin direktoru Əmirxan Sərdarov isə deyir ki, Təhsil Nazirliyinin göstərişinə uyğun olaraq bütün şagirdlər vahid məktəbli formasında dərsə gəlməlidir. O ki, qaldı geyimlərin "Tom-Jerri" satış mərkəzindən alınmasına Əmirxan Sərdarovun fikrincə, yalnız oradakı geyimlər standarta uyğundur.

Qeyd edək ki, valideynlərlə söhbət zamanı maraqlı bir faktla qarşılaşdıq. Məlum oldu ki, "Tom-Jerri" satış mərkəzini Xaçmaz Rayon İcra hakimiyyətində çalışan yüksək vəzifəli şəxslərdən birinə məxsusdur. Bu səbəbdən də bütün məktəb direktorlarına göstəriş verilib ki, geyimlər yalnız bu satış mərkəzindən alınsın.


Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə