Keyfiyyətsiz süd məhsulları istehsalçısına qarşı cinayət işi başlanıb
Fiziki şəxs Vüqar Qənbərova məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942-ci məhəllədə yerləşən süd məhsulları istehsalı sexində aparılan yoxlama materiallarının nəticələri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 200.1-ci maddəsi ilə ("İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma") cinayət işi başlanıb, istintaq olunur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, fiziki şəxs Vüqar Qənbərova məxsus süd məhsullarının istehsalı ilə məşğul olan müəssisədə ayranın, qatığın, xamanın uyğunluq sertifikatları, eləcə də məhsullara dair normativ sənədlər olmadan istehsal edildiyi, istehsal sahəsində anti-sanitariyanın baş alıb getdiyi müəyyən olunub. Eyni zamanda müəyyən edilmişdir ki, məhsulların markalanmasında onların saxlama müddəti barədə bilərəkdən yalan məlumatlar əks olunmuşdur. Belə ki, reseptura üzrə "Tər-tər" nişanlı qatığın yararlılıq müddəti 72 saat, ayranın yararlılıq müddəti 2 sutka, xamanın yararlılıq müddəti 72 saat, dovğanın yararlılıq müddəti 7 sutka olduğu halda bütün məhsulların qablarının üzərində yararlılıq müddəti 20 gün göstərilib. İstehsal olunan etiketdə qatıq məhsulunun təbii inək südündən hazırlandığı göstərilsə də, faktiki olaraq quru süddən istifadə olunduğu müəyyən edilib. Müəssisədə istehsal edilən məhsullardan sınaq nümunələri götürülüb və laboratoriya sınaqları nəticəsində 15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Müəssisədə məhsul istehsalı dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB