Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nümayəndə heyəti Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Məşğulluq Forumunda iştirak ediblər. SİA-nın xəbərinə görə, sərgi və konfransdan ibarət olan tədbir çərçivəsində geniş müzakirələr aparılıb, yeni əməkdaşlıq əlaqələri qurulub.
Tədbirin əsas və əhəmiyyətli hissəsini təşkil edən sərgidə təmsil olunan Azərbaycan stendində ölkə görüntülərinin əks olunduğu video materiallar təqdim edilib. İki gün davam edən konfransda Avropada gənclərin məşğulluğu probleminin həlli, əmək bazarı islahatlarında KİV-in rolu, təşkilati islahatlar, ahıl və yaşlı insanların məşğulluğunun təmin olunması - ömürboyu təhsil, gənclərin işsizliyi, əvvəllər məhkumluğu olmuş insanların sosial reabilitasiyası və s. mövzularda çıxışlar dinlənilib.
"Məşğulluq – yoxsulluqdan çıxış vasitəsi kimi" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan nümayəndə heyəti tərəfindən ölkədə nəzərəçarpan sosial iqtisadi inkişaf, əldə olunmuş nailiyyətlər, həyata keçirilən sosial müdafiə proqramlarının səmərəliliyi, eyni zamanda aparılan əmək bazarı islahatlarının istiqamətləri, kadrların keyfiyyətinin artırılması, layiqli əməyin təmin olunması ilə bağlı təşəbbüslər barədə məlumat verilib.
Qeyd olunan forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstraliya, Avstriya, Böyük Britaniya, Çexiya, Danimarka, Finlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Polşa, Portuqaliya, Rusiya və Yunanıstandan olan aidiyyəti nazirliklər, məşğulluq sahəsində ixtisaslaşmış qurumlar və özəl sektor nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Avropa məkanında iş axtaran və işsiz vətəndaşlar üçün məşğulluq xidməti orqanlarında tətbiq edilən yeni innovativ yanaşmalar, məşğulluq siyasəti və əmək bazarı münasibətlərinin gücləndirilməsi məsələləri, Azərbaycanda olan inkişaf əsas müzakirə mövzuları olub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB