Mətbuat Şurası Rafiq Tağının vəfatı ilə bağlı nekroloq yayıb

Mətbuat Şurası Rafiq Tağının vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycanın Mətbuat Şurası (MŞ) yazıçı Rafiq Tağının vəfatı ilə bağlı nekroloq yayıb. Şuradan SİA-ya daxil olan nekroloqda deyilir ki, tanınmış yazıçı, jurnalist Rafiq Tağı bu gün günorta radələrində dünyasını dəyişib: "Dörd gün idi ki, onun həyatı uğrunda mübarizə gedirdi. Lakin amansız ölüm səhiyyə mütəxəssislərinin bütün səylərindən üstün oldu. İstedadlı qələm sahibi yaradıcılığının çiçəkləndiyi vaxtda - 61 yaşında əbədiyyətə qovuşdu".

Onun adı ictimaiyyətə yazıçı, jurnalist və publisist kimi daha yaxından tanış idi. Bədii əsərləri Masallının "Çağırış" qəzetində, "Ulduz" jurnalında və çoxsaylı kütləvi informasiya vasitələrində dərc olunmuşdu. Yaradıcılığına özünəməxsus orijinal yol və üslub xas idi. Yazıları bir qayda polemika doğururdu. Azərbaycan Mətbuat Şurası Rafiq Tağının vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə və bütün doğmalarına dərin hüznlə başsağlığı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə