Dağüstü parkın təbii gözəlliyinə yeni bir rəng qatan Bakı funikulyoru həm şəhər sakinlərinin, həm də qonaqların sevimli nəqliyyat vasitəsidir. Kimi funikulyordan nəqliyyat vasitəsi kimi, kimi istirahət, əyləncə vasitəsi kimi, kimi də paytaxtın gözəlliklərinə seyr etmək məqsədi ilə istifadə edirdi. 60-cı ildə istismara verilən funikulyor paytaxt müasirləşdikcə həm görünüşü, həm də keyfiyyət baxımından solğun və köhnə görünməyə başlamışdı. Dayanacaqlarının, vaqonlarının, gözləmə otağının köhnəliyi və çökmə təhlükəsi ilə bağlı yayılan söz-söhbətlər əlaqəli qurumları hərəkətə gətirdi. Bir neçə dəfə təmir olunan funikulyor ötən ilin aprel ayından əsaslı təmir üçün dayandırdı.
Funikulyor şüşədən yığılacaq və piramida formasında olacaq
Məqsəd funikulyorun görünüşünü şəhərimizin müasir memarlıq üslubuna uyğunlaşdırmaqdır. Ancaq 1 ildən çoxdur ki, təmir edilən funikulyorda təmir işləri yekunlaşmaq bilmir ki, bilmir. Funikulyorda uzun müddətdir davam edən təmirin nə vaxt yekunlaşacağını öyrənmək məqsədi ilə Funikulyor İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, təmir işləri ilə bağlı plan dəyişdirildiyi üçün funikulyorun istismara təhvil verilməsi ləngiyir: "Qərara alınıb ki, təmir işləri davam etdirilsin və funikulyorun müasir və daha gözəl olması üçün ən zəruri işlər görülsün. Hazırda funikulyorda ciddi işlər gedir və gələn ilin may ayında keçirilək "Eurovision" mahnı müsabiqəsinə qədər bu işlər yekunlaşaraq funikulyor tamamilə yeni görünüşdə istismara veriləcək. Qeyd edək ki, təmir işləri çərçivəsində bərpa, möhkəmləndirmə işləri aparılıb, funikulyorun bütün detalları, relsləri yenilənir. Təmir işləri yekunlaşandan sonra yeni qatarların alınması planlaşdırılır. Bununla belə, funikulyorun gözləmə zalı da yenilənir. Artıq gözləmə zalı tamamilə sökülərək yenidən tikilir. Hesab edirik ki, təmir yekunlaşandan sonra hər zaman diqqət mərkəzində olan funikulyora maraq daha da artacaq. Yeniliklərdən biri də ondan ibarətdir ki, funikulyorun stansiyaları şüşədən yığılacaq və piramida formasında olacaq. İndiyə kimi 28 nəfərlik tutumu olan qatarların sərnişin tutumunun artırılması da nəzərə tutulub".
Qeyd edək ki, funikulyorun tikintisi ilə paralel dağüstü parkın da yenidən qurulmasına başlanılıb. Məqsəd \"dağüstü nəqliyyat vasitəsi\"nin işini canlandırmaqla yanaşı bu əraziyə marağı artırmaqdır.
Qurumdan o da bildirildi ki, funikulyorun hərəkəti ilə bağlı da yeniliklərin olacağı gözlənilir. Belə ki, funikulyordakı dəmiryol xəttinin uzadılması da nəzərdə tutulub.
4 dəqiqəyə 455 metr yol
Xatırladaq ki, Bakı Funikulyoru 1960- cı il mayın 5-də istifadəyə verilib. İndiyə kimi funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonlarının sayı isə 2 olub. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən funikulyorda vaqonlar arası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olub. Eyni vaxtda iki qatarın - biri aşağıdan, o biri yuxarıdan üz-üzə hərəkət edən nəqliyyat vasitəsində 500 metr hündürlüyü sürətlə qalxanda və enəndə şəhərin gözəlliyi vaqonlardakıları valeh edir.
Qeyd edək ki, funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB