Argentinada Azərbaycan həftəsi başladı

Argentinada Azərbaycan həftəsi başladı

Noyabrın 21-də Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlayıb.

Xarici İşlər Nazirliyi Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Argentina Respublikası Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılmasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə Argentina Respublikası Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi, intelektual və mədəni mərkəzlərindən birində Azərbaycan haqqında müxtəlif dillərdə çap olunmuş nəşrlərdən ibarət fondun yaradılmasını vacib hadisə kimi qiymətləndirib. Argentinada Azərbaycan haqqında nəşrlərdən ibarət ilk belə bir fondun yaradılmasının Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, hazırkı reallıqları haqqında argentinalıların yaxından tanış olmasına töhfə verəcəyini bildirərək fondun getdikcə daha da zənginləşdirilməsinə Səfirliyin daimi dəstək verəcəyini bildirib.

Sonra M.Əhmədzadə Azərbaycanla bağlı belə bir fondun yaradılması üçün Səfirlik tərəfindən Argentina Respublikası Milli Kitabxanasına hədiyyə olunan ölkəmiz haqqında 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyasını Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Azərbaycan" kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Gonzalesə təqdim edib. Öz tərəfindən, Milli Kitabxanada Azərbaycanla bağlı belə bir fondun yaradılmasından məmnunluğunu ifadə edən H.Gonzales bunun məsafəcə bir-birinə uzaq olan Azərbaycan və Argentinanı yaxınlaşdıran simvolik amillərdən birinə çevriləcəyini və Azərbaycanın zəngin mədəni və tarixi irsini Argentinada tanıtmaqda faydalı olacağına əminliyini bildirib.Tədbirdə Argentina Respublikası Milli Kitabxanasında yaradılan Azərbaycanla bağlı fonddakı nəşrlərin nümayişi, habelə Azərbaycanın görməli yerlərinin foto sərgisi və milli mətbəximiz təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə