Yeni medianın inkişafı müzakirə edilib

Yeni medianın inkişafı müzakirə edilib

Bu gün Multimedia Mərkəzi tərəfindən "Yeni media: kadr təminatı və peşəkarlıq" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz ölkədə yeni medianın sürətli inkişaf etdiyi bir məqamda adı çəkilən mövzunun kifayət qədər önəmli olduğunu diqqətə çəkib. O, yeni media mütəxəssislərinin hazırlanması istiqamətində peşəkar müzakirələrə ciddi ehtiyac olduğunu bildirib.

Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov artıq ölkədə internet medianın bir infrastruktur olaraq formalaşdığını və insanların informasiya münasibətlərində yeni media subyektlərinin mühüm yeri olduğunu qeyd edib. O, yeni medianın inkişafına ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Ə.Amaşov bu istiqamətdə atılan addımları dəstəklədiyini və bu sahənin son dövrlərdə Mətbuat Şurasının da nəzərində olduğunu qeyd edib.

Tədbirin davamında edilən təqdimatlarda bütövlükdə yeni medianın mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılması ilə bağlı təklif və tövsiyələr öz əksini tapıb. Çıxışlarda yeni media sahəsində yeni yaranan münasibətlərə, yeni kadrlara olan tələbata, yeni medianın tədrisi vəziyyətinə ciddi diqqət yetirilib.

Konfransın yekununda irəli sürülən təklif və tövsiyələrin ümumiləşdirilərək yeni medianın tədris modelinin hazırlanmasında istifadə ediləcəyi qeyd olunub. Gələn ilin əvvəlində yeni medianın tədris modeli layihəsinin müzakirəyə çıxarılacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə