Dəmiryolunda yeni sistemin qəbulu hansı nəticələr verəcək? - REPORTAJ

Dəmiryolunda yeni sistemin qəbulu hansı nəticələr verəcək? - REPORTAJ

"Azərbaycan Dəmir Yolları" bu sistemlə sərnişin kassaya yaxınlaşmadan QSC-nin saytının onlayn bilet bölməsinə daxil olmaqla onlayn rejimi ilə istənilən qatara bilet sifariş edib plastik kartla ödəniş edə biləcək. Onlayn bilet satışı qatarın hərəkətinə 2 saat qalana qədər mümkündür.Onlayn formada bilet almaq istəyən müştərilər əvvəlcə QSC-nin saytında yaradılan satış sistemində istifadəçi kimi qeydiyyatdan keçməlidir. Bunun üçün vətəndaş qeydiyyat vərəqəsini doldurmalı, burda tələb olunan məlumatları düzgün yazmalıdır. \"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirir ki, son illər sərnişinlərə göstərilən xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəlməsinə istiqamətində bir sıra mühüm işlər görülür və bunlardan biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir: "Uzun müddətdir ki, bunun üzərində iş aparılır. Bu gündən tətbiq olunan yeni sistemlə artıq 70-ə yaxın bilet internet vasitəsilə satılıb. Bunu yaratmaqda əsas məqsədimiz nağdsız bilet satışına keçmək və neqativ halalrın aradan qaldırılması idi. Yeni sistemin quraşdırılması hər hansı bir kadr ixtisarlarına səbəb olmayacaq".

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edir ki, bir nəfər istifadəçi öz kodundan istifadə etməklə 4 nəfər üçün bilet ala bilər. 5 yaşına qədər uşaqlar üçün biletin pulsuz olduğunu deyən N.Əzməmmədov vurğulayır ki, 5-10 yaş üçün yarım bilet, 10-dan yuxarı tam bilet alınmalıdır: "Biletlərin vaxtında qaytarılması mümkündür. Belə ki, əgər sərnişin bileti 1 gün qalmış qaytarılırsa, pulun 100%, 6 saat qalmış 90%, 10 gün keçərsə, onun 75%-ni geri ala bilər. Ona görə də vaxtında kassaya müraciət edib, pulu geri götürmək olar".

Xəzinadarlar və sərnişinlər də yeni sistemin tətbiq olunmasını sərnişinlərin rahatlığının təmin olunmasına xidmət etdiyini deyir. Onların fikrincə, yeni sistem vaxt itgisinin və əlavə prosedurların qarşısını alacaq.

Hər halda cəmiyyətdə tətbiq olunan yeni sistem və qaydalar cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmur. Bunun hansı nəticələr verəcəyini isə zaman göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə