Azərbaycan prezidenti Türkiyə parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Türkiyə parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) beynəlxalq əlaqələr komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


SİA-nın rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, dövlət başçısı parlament seçkilərindən sonra TBMM üzvlərinin ilk rəsmi səfərlərinin məhz Azərbaycana etmələrinin önəmini vurğulayaraq, bu ənənənin hökumət üzvləri ilə yanaşı, parlament üzvləri tərəfindən də davam etdirilməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev V.Bozkırın başçılıq etdiyi nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini ifadə edib.


İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı parlamentlərarası əlaqələrin gələcəkdə də yüksək səviyyədə olacağına ümidvar olduğunu bildirib.


Öz növbəsində V.Bozkır TBMM nümayəndə heyətinin ilk xarici səfərinin Azərbaycana etməsinin onlar üçün mühüm bir vəzifə olduğunu deyib. Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə prezident İlham Əliyevi təbrik edən V.Bozkır dünyada və bölgədə ciddi problemlərin mövcud olduğu bir şəraitdə ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin önəmli hadisə olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə