Aliment yoxsa atalıq? ARAŞDIRMA

Redaksiyamıza müraciət edən Xırdalan şəhər sakini Sevda Nağdaliyeva həyat yoldaşından ayrıldıqdan sonra ona, övladını saxlamaq üçün kəsilən alimentinin ödənilmədiyindən şikayətlənir.

O, keçmiş həyat yoldaşının məhkəmənin qəbul etdiyi qətnaməyə məhəl qoymadığını deyir: "F. Sultanovla nikahımız Abşeron rayon məhkəməsinin 05-iyul 2010-cu il tarixli qətnaməsi ilə ləğv edilib. Həmin qətnaməyə əsasən birgə nikahımızdan dünyaya gələn Sultanova Nazlı Fuad qızının saxlanılması üçün Fuad Şirinov hər ay 70 manat məbləğində aliment ödəməlidir. Ancaq F. Sultanov qətnaməyə əməl etmir əksinə məni döyür, təhqir edir. Buna görə, Abşeron rayon məhkəməsi onu 200 manat məbləğində cərimə etsə də, buna da məhəl qoymayan F. Sultanov uşaqla görüşmək üçün sərxoş vəziyyətdə evimizə gələrək mənə xəsarət yetirib. Hər dəfə cinayət əməlləri törətdikcə isə özünü psixi xəstə olduğunu əsas gətirərək özünə bəraət qazandırır. Ancaq onu müayinədən keçirən həkim F. Sultanovun psixi durumunun normal olduğunu bildirib".

Şikayətçi F. Sultanov tərəfindən öldürülməklə hədələndiyini də bildirir: "Sərxoş halda evimizə gələrək məni və ailə üzvlərimi hədələyir. Hər dəfə belə vəziyyət yarananda polisə müraciət etsəm də buna məhəl qoyulmur".


Qeyd edək ki, sözügedən məsələyə Abşeron rayon məhkəməsində baxılıb və məhkəmə Fuad Sultanovdan Nazlı Sultanovanın saxlanılması üçün 70 manat aliment tutulması ilə bağlı qətnamə qəbul edib. Ancaq buna baxmayaraq F. Sultanov hələ də, övladına aliment ödəməyib.


Alimentin ödənilməməsi ilə bağlı bu, nə ilk nə də son hadisədir. Boşanmaların sayı sürətlə artdıqca, ayrılan cütlüklər arasında aliment üstündə baş verən münaqişələrin də sayı artır. Əksər hallarda aliment ödəməli olan şəxs ödəniş etməkdən yayınmağını maddi durumunun yaxşı olmaması ilə izah edir. Hətta aliment verməmək üçün ata olmağından imtina edənlər də var.




Valideyn övladını saxlamağa borcludur




Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən isə hər bir valideyn övladını saxlamağa borcludur.


Məsələ ilə bağlı ekspert və əlaqəli qurumlara müraciət etdik. Hüquqşünas Nemət Qurbanlı bildirdi ki, əgər cavabdeh şəxs alimenti ödəməkdən yayınırsa məhkəmənin qərarından sonra ona qarşı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır: "Ata övladını saxlamaqdan imtina edirsə və məhkəmədə müvafiq qərar qəbul edilibsə, həmin valideyinə qarşı qanunvericiliyə uyğun olaraq cinayət işi qaldırıla bilər".

N. Qurbanlı bildirdi ki, ümumilikdə alimentdən yayınma hallarının sayı durmadan artır.



Nəsimi rayon Məhkəməsindən verilən məlumata görə, bu instansiyada alimentlərin ödənilməməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Oxşar cavabları müraciət etdiyimiz digər rayon məhkəmələrindən də aldıq.

Məhkəmələrdən bildirildi ki, aliment ödəməkdən yayınan 400-ə yaxın vətəndaşa administrativ qaydada protokollar göndərilib. Onların bəziləri məhkəmə müdaxiləsindən sonra aliment ödənişini təmin edib. Ancaq bəzi şəxslər məhkəmənin müdaxiləsinə də əhəmiyyət vermir. Belə olduğu halda polis və digər aidiyyəti orqanlara müraciət edilir ki, müvafiq tədbirlər görülsün.


Problemə birdəfəlik son qoymaq üçünsə ölkədə Aliment Fondunun yaradılması təklif olunur. Həmin fondun köməkliyi ilə uşaqların dövlət hesabına maliyyələşməsi, cavabdeh şəxsin isə öz borcunu dövlətə ödəməsi təklif olunur. Sözügedən məsələnin Milli Məclisdə müzakirəsi gözlənilir.




Boşanan ailələrin övladları travma alır


Qeyd edək ki, dövlət tərəfindən aliment üçün vahid məbləğ təyin edilməsi məsələsi də təklif edilir. Ekspertlər hesab edir ki, hazırda uşağın saxlanması üçün təyin edilən məbləğ olduqca azdır. Bu isə uşaqların səhhətində ciddi problemlər yaranmasına səbəb olur.


Mütəxəssislərin gəldiyi qənaətə görə isə, dağılan ailələrdə böyüyən uşaqlar mənəvi və psixoloji travmalar alır. Həmin ailələrdə böyüyən uşaqlar özlərini məktəbdə, digər həmyaşıdları arasında pis, təklənmiş hiss edir, ruhdan düşmüş böyüyürlər. Bu isə bir sıra psixoloji problemə yol açır\".




Bütün xəbərlər Facebook səhifəmizdə