YAP-ın yaranmasının 19-cu ildönümü qeyd edilib-YENİLƏNİB

YAP-ın yaranmasının 19-cu ildönümü qeyd edilib-YENİLƏNİB

Bu gün Nəriman rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 19-cu ildönümü qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, Nəriman Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, bu tarix Azərbaycanın bütün bölgələrində partiya fəallarının iştirakı ilə geniş şəkildə qeyd olunur.Onun sözlərinə görə, YAP yarandıqdan sonra Bakıda ilk partiya təşkilatı olaraq Nərimanov rayonunda formalaşıb. "Partiyanın yaranması 1992-ci il 21 noyabr tarixinə təsadüf edir. Bu tarixdə partiyamız ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda təsis olunub. Eyni zamanda bu tarix Azərbaycan cəmiyyəti üçün çox önəmli bir hadisədir. Bu gün Heydər Əliyev ideyalarını davam etdirən ölkə başçısı İlham Əliyev ölkənin daha da inkişaf etməsi istiqamətində mühüm işlər həyata keçirir. YAP-ın üzvləri bundan sonra da dövlət başçısı İlham Əliyev ətrafında sıx birləşərək ölkədə həyat keçirilən mühüm islahatlarda yaxından iştirak edəcək, Azərbaycanın daha da inkişaf etməsinə və qüdrətlənməsinə öz töhfələrini verəcək".

Tədbirin davamında çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev YAP-ın tarixi, müasir Azərbaycanın həyatında oynadığı rol barədə məruzə edib. O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP dövlətçilik ənənələrini inkişaf etdirərək, Azərbaycanı bölgənin güclü dövlətinə çevirib. Təşkilatın sədri YAP sədri, prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Adil Əliyev, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və digərləri YAP-ın keçdiyi yol və ölkənin tarixində oynadığı önəmli rol haqqında danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə