Qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərin adları açıqlanıb

Qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərin adları açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu qorunmağa ehtiyacı olan elmi, mədəni və tarixi əhəmiyyətə malik nadir geoloji obyektlərin adlarını açıqlayıb. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu niyyətlə institutda Yer elmləri sahəsində ümumrespublika seminarı keçirilib. Tədbirdə institutun paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev "Azərbaycan Respublikasında nadir geoloji obyektlərin müəyyən edilməsinin elmi əsasları" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, Geologiya İnstitutunda "Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə" Tədbirlər Planı tərtib edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunub. Qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərlə bağlı işlər Geologiya İnstitutunda həmin proqram çərçivəsində həyata keçirilir.

Ş.Babayev bu cür obyektlərin sırasında Binəqədi IV dövr onurğalılar məzarlığı, Maykop çöküntülərinin Pirəkəşkül kəsilişi, Beşbarmaq klipi, Babək qalası, Bədo bulağı, Yerfi bulağı, Qırməki dağında qədim neft quyuları və digərlərini sadalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə