DSMF-in internet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən xəbərə görə, 21.06.2011-ci il tarixindən 21.11.2011 ci il tarixinə kimi keçirilmiş budəfəki sorğu zamanı respondentlərə "Sığorta-pensiya sistemində həyata keçirilən islahatların başlıca üstünlüyü nədən ibarətdir" sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu- 47,53 faizi bildirib ki, son vaxtlar həyata keçirilən islahatların əsas üstünlüyü pensiyaların sosial ədalət prinsipi ilə artırılmasıdır. Respondentlərin 16,06 faizi islahatların üstün cəhəti kimi fərdi uçota keçidi, 10,24 faizi pensiyaların plastik kartlarla verilməsini, 13,40 faizi pensiyaların hesablama mexanizmlərinin sadələşdirilməsini gördüyünü nəzərə çatdırıb. Respondentlərin 12,77 faizi isə onlara ünvanlanan suala "bilmirəm" cavabını verib.
Sorğunun nəticələri onu göstərir ki, respondentlərin böyük əksəriyyətinin (47,53 %) sıgorta-pensiya sistemindəki islahatların üstün cəhəti kimi pensiyaların sosial ədalət prinsipləri ilə artırılmasını seçməsi son illər bu istiqamətdə ardıcıl tədbirlərin yerinə yetirilməsiylə bağlıdır. Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi, yəni baza hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan vermişdir. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilib. Bilavasitə bu tədbirlər nəticəsində yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Bundan əlavə, cari il iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən iş stajı əsasında hesablanması nəticəsində bu sahədə əvvəllər mövcud olmuş sosial ədalətsizlik tam aradan qaldırılmış, 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Həmçinin, islahatların mühüm istiqaməti kimi pensiyaların insanlara avtomatlaşdırılmış şəkildə, aybaay vaxtında çatdırılması təmin olunub.
2006-cı ildən etibarən uğurla tətbiq olunan yeni sistem əmək pensiyalarının artımının şəffaf və sürətli şəkildə həyata keçirməsinə gətirib çıxarıb. Artımların dərhal tətbiq olunması, insan amilinin aradan qalxması bu istiqamətdə şəffaflığın təmin olunmasına gətirib çıxaran mühüm addımlardandır. Əvvəllər pensiya artımlarının mexanizmi çox mürəkkəb idi və bu subyektiv hallara şərait yaradırdı. Həmçinin artımlar müxtəlif şəxslərə ayrı-ayrı vaxtlarda aparılırdı və bu proses aylarla çəkirdi. Yeni sistemdə isə sadə qayda tətbiq olunur və istər əmək pensiyalarının baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi Fondun mərkəzi aparatının verdiyi xüsusi proqramla avtomatlaşdırılmış qaydada həyata keçirilir. Artımlar 1 gün ərzində hər hansı kənar müdaxilə olmadan, avtomatlaşmış qaydada pensiyaçıların hesabına köçürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB