ADU-da Respublika elmi-praktiki konfrans keçiriləcək

ADU-da Respublika elmi-praktiki konfrans keçiriləcək

Noyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) "Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq" mövzusunda ikigünlük Respublika elmi-praktiki konfrans keçiriləcək. ADU mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransdan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət ediləcək.

Sonra konfrans plenar iclasla öz işinə başlayacaq. Plenar iclasda ADU rəhbərliyinin, Təhsil naziri Misir Mərdanovun, Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovun, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanovun, Qafqaz Universitetinin prorektoru Cihan Bulutun təbrik çıxışları gözlənilir.

"Kadr hazırlığına müasir yanaşma: Universitet, demokratiya, inkişaf", "Beynəlxalq təhsilə inteqrasiya: Dil, cəmiyyət və verbal ünsiyyət", "Tərcüməşünaslıq Azərbaycan kontekstində", "Universitet auditoriyalarının idarə olunması: Tələbə-müəllim ünsiyyəti müasir anlamda", "Tələbə biliyinin qiymətləndirilməsi: Gerçəklik, şəffaflıq" adlanan bölmələrdə respublikanın müxtəlif ali və orta təhsil müəssisələrinin nümayəndələrinin çıxışları səslənəcək, fikir mübadilələri aparılacaq.

Konfransda "Kadr hazırlığında təlimlərin rolu", "İnnovativ təhsildə müəllimin rolu", "Qloballaşma kontekstində ali təhsilin perspektivləri", " Xarici dil və müasir dövr", "Pedaqoji kadrların İKT hazırlığına qoyulan əsas tələblər", "Dil və cəmiyyət kontekstində qlobal dil problemi" və s. mövzularda məruzələr dinlənilərək müzakirə ediləcəkdir.

Noyabrın 25-də keçiriləcək yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək və konfransın yekun sənədi qəbul ediləcək.

Qeyd edək ki, konfransa 100-dək məruzə daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə