Balıq alarkən diqqətli olun və bunları bilin!

Balıq alarkən diqqətli olun və bunları bilin!

Balıqdan zəhərlənmə halları durmadan artır. Təkcə son iki ayda Azərbaycanda 100-dən çox insan balıq zəhərlənməsi diaqnozu ilə xəstəxanada müalicə olunub. Respublika Gigiyena və Epidemiologiya mərkəzindən SİA-ya verilən məlumata görə, ümumilikdə ölkə ərazisində 120 zəhərlənmə hadisəsi qeydə alınıb. Nəticədə 138 nəfər insan zərər çəkib. Bir nəfər insan dünyasını dəyişib.

Bu gün satışda müxtəlif növ balıqlar var. Çoxları onların hansının təzə, hansının köhnə olduğunu aydınlaşdıra bilmir. Satıcılar isə məhsulu satmaq üçün alıcını min bir təriflə aldatmağa çalışır və çox vaxt buna nail ola bilirlər. Bəs, görəsən, təzə balığı köhnədən necə seçmək olar?

Mütəxəssislər bildirdi ki, təzə balığı köhnədən seçmək o qədər də çətin deyil. Bunun üçün bir az diqqətli olmaq kifayətdir.

Təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur. Təzə balığın gözləri də şəffaf və parlaq olur. Sudan yeni çıxarılmış balığın özünə məxsus, spesifik iyi də olur. Təzə balığı köhnədən fərqləndirən xüsusiyyətlərdən biri də onun qəlsəmələridir. Belə ki, təzə balığın qəlsəmələri tünd qırmızı, köhnə balığınkı isə boz rəngə çalır. Əzələsi bərk, elastik, sümükdən çətinliklə ayrılan balıq da təzədir.

Balıq köhnəldikcə selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və s. dəyişə bilər. Saxlama müddətinin ötməsi nəticəsində balığın gözünün rəngi bulanıqlaşır.


Balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu müxtəlif olur. İlin fəsillərdə balıq 24 saat, soyuq fəsillərdə isə 48 saat saxlamaq olar. Qaxac edilmiş balıqlar isə 2 aya qədər saxlanıla bilər. Balıq konservlərinin saxlama müddəti isə məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.


Bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağandır.


Qeyd edək ki, tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanın sağlam qidalanmasında xüsusi əhəmiyyəti var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq yeməlidir.


Bütün xəbərlər Facebook səhifəmizdə