YAP Daşkəsən rayon təşkilatının VII konfransı keçirilib

YAP Daşkəsən rayon təşkilatının VII konfransı keçirilib

Bu gün YAP Daşkəsən rayon təşkilatının VII konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans nümayəndələri ilk öncə əbədiyaşar ulu öndər, bu partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, ona hörmət və ehtiramlarını ifadə ediblər. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış edib. Natiq bildirib ki, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəldib: "YAP Daşkəsən rayon təşkilatının tərkibində 1513 nəfər qadın, 2190 nəfər kişi və 1256 nəfər gənc təmsil olunur. Rayon təşkilatı ictimai – siyasi fəaliyyətində vətəndaş həmrəyliyinə, konstruktiv əməkdaşlığa həmişə üstünlük vermiş, ümumdövlət məqsədlərinə xidmət edən siyasi partiya və ictimai qurumlarla əlaqələrin genişlənməsinə çalışıb".

Qeyd olunub ki, rayon təşkilatının tərkibində Gənclər Birliyinin fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Bildirilib ki, rayon təşkilatının say tərkibinin 1256 nəfərini, yəni 33,9 faizini gənclər təşkil edir.

Konfransda YAP Daşkəsən rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri Yaşar Məhərrəmovun hesabat məruzəsini də dinlənilib. Məruzələr ətrafında İ.Nəsimi adına ilk partiya təşkilatının sədri R.Aslanova, Bayan ərazi ilk partiya təşkilatının sədri E.Alıyev, YAP Daşkəsən rayon təşkilatının Gənclər Birliyinin sədri E.Rzayev çıxış ediblər. Konfransın işində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yekun nitqi söyləyib: "Müasir Azərbaycanın inkişafı yeni nailiyyətlər hesabına daha dinamik hala gəlib, ölkəmiz dünya miqyasında möhtəşəm uğurların müəllifi qismində çıxış etməyə başlayıb. Xalqımızın öz hüquqlarını yenidən suveren şəkildə reallaşdırmağa başlamasından sonra keçilən inkişaf yolu, qazanılan müvəffəqiyyətlər Azərbaycanı tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində nəinki mövcud olduğu regionda, həm də dünya coğrafiyasında lider mövqeyə yüksəlib. Bunun ən real təsdiqi Azərbaycanın yeni tarixinin ən parlaq səhifələrindən birini təşkil edən və məqsədyönlü şəkildə həyata keçirilən diplomatiyamızın böyük uğurunun məntiqi nəticəsi kimi ölkəmizin dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsidir. Təhlükəsizlik Şurasına seçkilər zamanı 155 ölkənin Azərbaycan lehinə səs verməsi, artıq respublikamızı bu mötəbər qurumda Şərqi Avropa dövlətlərinin əsas təmsilçisinə çevirib".

Konfransın işində Yeni Azərbaycan Partiyasının məsul işçisi Rəfael Gülməmmədov, Yeni Azərbaycan Partiyasının qərb bölgəsi üzrə rayon təşkilatının sədrləri iştirak ediblər. Bundan əlavə Millət vəkili, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı konfransda çıxış edib. Daha sonra konfransda təşkilati məsələlərə baxılıb, 26 nəfərdən ibarət şura üzvü, 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupunun üzvləri və Yolçuyev Meydanəli Binəli oğlu isə yenidən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri seçiliblər. Sonda konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə