Qubada Yeni Azərbaycan Partiyasının 19-cu ildönümü qeyd olunub

Qubada Yeni Azərbaycan Partiyasının 19-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü ilə əlaqədar 18 noyabr 2011-ci il tarixdə Quba şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. SİA-nın xəbərinə görə, ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. İlk öncə Heydər Əliyevi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ə.Nəbiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü ilə əlaqədar çıxış edərək qeyd edib ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq, bütün dünyada, o cümlədən Sovetlər İttifaqında cərəyan edən obyektiv tarixi proseslər yeni ictimai-siyasi mühit formalaşdırdı. O dövrdə Azərbaycanda baş qaldıran xalq hərəkatının nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonrakı dövrdə gah keçmiş mərkəz qarşısında qulluq göstərmək yarışına girən, gah da Dağlıq Qarabağı hakimiyyət və vəzifə alverinin predmetinə çevirənlər ölkəni iflic vəziyyətə saldılar. Azərbaycanın taleyi ilə bağlı ictimai narahatçılığın gündən-günə artması, böhranlı vəziyyətdən çıxış yollarını axtarıb tapmağa qadir olan yeni qüvvənin, partiyanın ölkənin siyasi səhnəsinə çıxması obyektiv tarixi zərurətə çevirmişdi. Lakin o dövrdə Heydər Əliyev şəxsiyyətinin bütün gücünə və qüdrətinə bələd olan Azərbaycan xalqı dərk edirdi ki, onun siyasi iradəsindən kənarda ölkənin problemləri özünün müsbət həllini tapmaq imkanından məhrumdur. Belə olan halda Azərbaycanın taleyini düşünən, tarixdə 91-lər kimi tanınan, bir qrup ziyalı bu həqiqəti və inamı ifadə edərək 1992-ci il oktyabrında Yeni Azərbaycan Partiyası yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdi. Ulu Öndər oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq partiyaya rəhbərlik etmək barədə müraciəti qəbul etdiyini bildirdi. Məhz 19 il bundan əvvəl işıq üzü görmüş həmin tarixi sənəd əsasında Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini, bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Belə ki, 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilərək, Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası meydana gəldi. Ulu Öndərimiz partiyanın 1-ci qurultayında həmin tarixi hadisəni xatırlayaraq demişdir: "Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır".

Çıxış edən YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvləri X.Əkbərova, H.Günəşli, E.Camalov, S.İsazadə və başqaları partiyanın keçdiyi çətin və şərəfli yoldan danışıb.

Sonda partiya sıralarına qəbul olmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə