Çörəyin keyfiyyətinin aşağı, tərkibinə müxtəlif maddələrin qatılması ilə bağlı məlumatlar tez-tez gündəmə gəlir. Çörəyin antisanitariya vəziyyətində bişirilməsi ilə baglı vəziyyət o həddə çatıb ki, kimi çörəyin içərisindən qurumuş xəmir qırıqları, kimi ip, kimi də sellofan və ya böcək tapır. Çörəyin çəkisi də mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Əhalinin narahatlığına daha çox səbəb isə bu məhsulun gec xarab olması üçün tərkibinə E-240 \"formaldehid\" - meyitə vurulan dərmanların vurulması ilə bağlı yayılan söz-söhbətlərdir.
Mütəxəssislər isə bildirir ki, təbii yolla hazırlanan çörək 3 gün qalmalıdır. Əgər çörək bundan artıq qalırsa bu onu sübut edir ki, onun tərkibində əlavə qatışıqlar var.
Çörəyin keyfiyyəti ilə bağlı narahatlıq doğuran məqamlardan biri də, malın xarab olunca canım xarab olsun prinsipi ilə yaşayan işbazların satılmamış və artıq qalmış çörəkləri təkrar emal edərək yenidən satışa çıxarmasıdır. Bu kimi hallar isə insan səhhəti üçün ciddi təhlükə mənbəyidir. Tərkibi saxtalaşdırılan çörəkdən uzun müddət istifadə mədə-bağırsaq sistemində ciddi fəsadlar və pozuntular yarada bilir. Zəhərlənmə halları da istisna olunmur.
Əldə etdiyimiz digər məlumata görə, çörəyin rəngini tündləşdirmək üçün xəmirə liflərdən alınmış boyalar, kakao və dəmlənmiş çay qatılır. Çörəyin bişirilməsində istifadə edilən qabların bəlkə də aylarla yuyulub-təmizlənməməsi, orada çalışanların əllərində müxtəlif xəstəliklərin olması haqda da xəbərlər dolaşır.
Qara çörək daha təhlükəlidir
Çörək mağazalarında isə ilk baxışdan göz oxşayan, gözəl qoxusu ilə insanı iştaha gətirən müxtəlif çeşidli çörəklər satılır. Heç kim ağlına belə gətirmək istəmir ki, bu müqəddəs, halal nemətin tərkibində kimsə öz mənafeyi naminə hansısa müdaxilə edə bilər. Fakt isə faktlığında qalır. Problemlərin əsas səbəblərindən biri isə çörəyin hazırlanması üçün hələ də, vahid mexanizm və standartların olmamasıdır.
Bu gün həm pəhriz saxlayanlar, həm də şəkər xəstələri qara çörək almağa daha çox üstünlük verir. Qara çörəyin sağlamlığa daha xeyirli olması haqda fikirlər də ona tələbatı artırıb. Bu çörəklərin tərkibinə kimyəvi maddələr qatıldığı ilə bağlı söz – söhbətlər daha çoxdur. Araşdırmalar sübut edib ki, pəhriz çörəyi kimi tanınan qara çörəyin rəngini tündləşdirmək məqsədi ilə süni kimyəvi maddələrdən istifadə olunur. Ekspertlər isə bildirir ki, qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır.
Xarici çörəklər niyə uzun müddət qalır?
Paytaxtda çörək satışını həyata keçirən bir necə mağazalarda olub vəziyyətlə maraqlandıq. Satışda yerli çörəklərlə yanaşı, müxtəlif çeşidli xarici çörəklər də çoxdur. \"Ukrayna çörəyi\", \"Çovdar çörəyi\", \"Dietik çörək\", \"Borodinskiy xleb\", \"Cito\", \"Russkiy xleb\" kimi müxtəlif çörəklər sellofan torbalarda alıcısını gözləyir.
Müşahidələrimiz zamanı Moskva, Ukrayna, Pribaltika, Ərəb ölkələri, İtaliya, hətta Alman istehsalı olan çörəklərə də rast gəldik. Ancaq çörəklərin üzərində keyfiyyəti və saxlama müddəti ilə bağlı məlumatlara rast gələ bilmədik. Məsələ ondadır ki, xarici ölkələrdən gətirilən çörəklər nəinki bir necə gün, hətta həftələrlə də, piştaxtalarda qalırlar. Onların hansı səbəbdən xarab olmamağı və uzun müddət qala bilməsi sual doğurur?
6-çı mikrorayon ərazisində yerləşən marketin satış üzrə meneceri isə bildirdi ki, çörəklərin sexdən gətirilən kimi isti-isti mağazalara verilir: "Çörək kələn kimi satılır. Köhnə çörək alan yoxdur. Ona görə də, qalan çörəklər sexlərə geri qaytarılır". Apardığımız müşahidələr zamanı yalnız iri marketlərdə çörəklərin keyfiyyəti ilə bağlı sənədlərlə tanış ola bildik. Qalan mağazalarda satılan çörəklərlə bağlı heç bir məlumat əldə edə bilmədik.
Məlumat üçün onu da deyək ki, çovdar çörəyinin saxlanma müddəti 72, buğda unundan hazırlanan çörəyinki isə 24 - 48 saatdır.
Ölüyə vurulan maddənin çörəyə vurulması yalandır?
Ancaq Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin müdiri İmran Abdullayev çörəkbişirmə müəssisələrinə ciddi nəzarətin olduğunu və deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi: "Çörəyin tərkibini yaxşılaşdırmaq üçün müxtəlif qida əlavələrindən istifadə etməyə icazə verilib: "Belə əlavələrin sayı 1500-dən çoxdur. Onların çoxu rəngverici, dadverici maddələr və emulqatorlardır. Bu sırada olan 5 qida əlavəsinin isə istifadəsi qadağandır. Bunlar E-240 - \"formaldehid\", E-121-\"qırmızı sitrus-1 və 2\", E-123 - \"amarant krasitel\", E-924 \"Bromat kalsi\" adlı maddələrdir".
İ.Abdullayev çörək sexlərində mütəmadi olaraq yoxlamalar aparıldığını ancaq ciddi qüsurların aşkarlamadığını dedi: "Saxlanma müddətinin uzadılması məqsədilə çörəyin, xüsusilə də qara çörəyin tərkibinə farmalin vurulması ilə bağlı səslənənlər həqiqəti əks etdirmir. Çünki bu dərmanların kəskin qoxusu var. Əkər həmin maddələrdən bir damcı belə çörəyə vurularsa, həmin çörəyə yaxın getmək olmaz".
İ.Abdullayev respublikada dünya standartlarına cavab verən çörəkbişirmə sexlərinin olduğunu deyir: "Belə sexlərdə gigiyenik qaydalara əməl olunmur. Problemli sexlərə qarşı ciddi tədbirlər görülür və bu çörəyin keyfiyyətinin yüksəlməsində özünü göstərir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, problem təkcə yuxarıda sadalananlarla bitmir: "Çörəyin hazırlanması zamanı yol verilən ciddi qüsurlardan biri də, bu məhsulun hazırlanması zamanı onun tərkibinə ağır və təhlükəli metallarla zənginləşən, tərkibində civə və qurğuşun olan duzlardan istifadə olunmasıdır. Ümumiyyətlə deyə bilərəm ki, bu gün respublika üzrə istehsal olunan çörəyin yarıdan çoxu standartlara cavab vermir. Çörək strateji məhsuldur. Onun qiymətinə, keyfiyyətinə biganə yanaşmaq düzgün deyil.
Bu gün satışa çıxarılan çörəyin çəkisindən tutmuş, daşınmasına qədər çoxsaylı problemlər var. Elə sexlər var ki, onların heç bir texniki şərti yoxdur və antisanitariya vəziyyətində çörək bişirirlər".
Çörəyin tərkibinə E-240 - \"formaldehid\" maddəsinin qatıldığını da E.Hüseynov da istisna etmir: "Elə cörək var ki, uzun müddət qalır. Eləsi isə var ki, lap tez xarab olur. Məsələn elə sexlər var ki, çörəyin çəkisinin ağır olması üçün kimyəvi qatqılardan istifadə olunur. Belə məhsullardan bişirilən çörək 1 gündən artıq saxlanıldıqda içi yapışqanlı olur və üfunət iyi verir. Eləsi də var ki uzun müddət qalır. Belə çərəklərə isə \"formaldehid\" maddəsi vurulur. Bütün bunların səbəbi çörək sexlərinin əksəriyyətinin standartlarının olmamasıdır. Kim hansı keyfiyyətdə undan istəyirsə, ondan da çörək bişirirlər. Məsələn bişirilən çörəklərin çoxu göbələk xəstəliyi olan unlardan hazırlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB