Nikolay Lisinski: “Azərbaycan və Rusiyanın dövlət sərhədində mübahisəli məsələ qalmayıb”

Nikolay Lisinski: “Azərbaycan və Rusiyanın dövlət sərhədində mübahisəli məsələ qalmayıb”

"Azərbaycan və Rusiyanın sərhəd mühafizə qurumları arasında yüksək səviyyədə əlaqələr mövcuddur". Rusiya Federal Təhlükəsizlik Xidmətinin Cənub Regional Sərhəd İdarəsinin rəisi, general-polkovnik Nikolay Lisinski deyir ki, hazırda hər iki tərəfin həm quru, həm də dəniz sərhədlərində vəziyyətlə bağlı mütəmadi məlumat mübadiləsi aparır və Rusiya tərəfdən bu işlə Dağıstan Sərhəd İdarəsində yaradılmış Koordinasiya Şöbəsi məşğul olur: "Biz öz aramızda bütün məsələləri həll edirik. Xəzər dənizinə çıxışla bağlı istənilən məsələlərdə Azərbaycanı məlumatlandırırıq. Hər iki ölkənin müvafiq qurumlarının transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə və sıx əməkdaşlıq şəraitində çalışır. Bu zəmində sərhəddə saxlamalar olduqda tərəflərin bir birini xəbərdar edir".

General həmçinin tərəflər arasında baş tutan işçi görüşü zamanı sərhəd mühafizələri arasında ikitərəfli əməkdaşlıq planının detallarının müzakirə olunduğunu əlavə edib.

Azərbaycan və Rusiyanın dövlət sərhədində mübahisəli məsələnin qalmadığını deyən general artıq sərhəd müqavilələri parlamentlərdə ratifikasiya olunduğunu deyib. Xaçmaz rayonundakı Xraxoba məntəqəsi ilə bağlı yaranmış problemə dair suala cavabında N. Lisinski deyib ki, bu tip problemlər sərhəd idarələri tərəfindən həll oluna bilər və ona görə də dövlət səviyyəsində qaldırılmasına ehtiyac yoxdur. Analoji problemlər Rusiyanın Ukrayna və Qazaxıstanla sərhədində də mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə