Prezident Qəbələ rayonunun Nic qəsəbəsində məktəbin açılışında iştirak edib

Prezident Qəbələ rayonunun Nic qəsəbəsində məktəbin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verildi ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılmışdır. Bunun üçün ayrılmış bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunub. Dördmərtəbəli təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Qeyd edildi ki, məktəbin 20 sinif otağında, iki laboratoriyasında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılıb.Sinif otaqları müasir avadanlıq və ləvazimatla təmin olunub. Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, təhsil ocağının idman zalı yüksək standartlara cavab verir. Buradakı 200 nəfərlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. İnformatika otağı tam kompyuterləşdirilib, sürətli internetlə təmin olunub. Məktəbin ikinci mərtəbəsindəki kitabxanada beş mindən artıq ədəbiyyat toplanıb. Təhsil ocağının həyətində futbol meydançası da yaradılmış, abadlıq işləri görülmüş, yaşıllıqlar salınıb. Dövlətimizin başçısı məktəbin açılışı münasibətilə kollektivi təbrik etdi, uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə