Prokurorluq işçiləri məcburi köçkünlərə bayram sovqatı paylayıblar

Prokurorluq işçiləri məcburi köçkünlərə bayram sovqatı paylayıblar

Azərbaycan Baş Prokurorluğu və 24 rayon prokurorluğunun əməkdaşları Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibətilə Bərdə rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə maraqlanıblar. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının rəhbərliyi altında görülən işlər barədə məlumət verilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcək.

Sonra 704 ailəyə (2800 nəfər) 22 min 400 manat dəyərində 17 min 80 kiloqram ərzaq bağlamaları paylanılıb. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən məcburi köçkünlər ölkə rəhbərinin işğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə