Mirkazım Seyidov: “Məhz İranın dəstəyi ilə Ermənistan bu gün nəfəs alır” - MÜSAHİBƏ

Mirkazım Seyidov: “Məhz İranın dəstəyi ilə Ermənistan bu gün nəfəs alır” - MÜSAHİBƏ

Politoloq Mirkazım Seyidovun Səs TV-yə müsahibəsi

- Mirkazım müəllim, 17 Noyabr Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunur. Nəyə görə, xalqın o dövrdə oyanışı milli mübarizəsi sonradan idarə olunmaz vəziyyətlə üzləşdi?

- Əvvəla Milli Dirçəliş günü münasibətilə dünya azərbaycanlılarını təbrik edirəm. 1988-ci ildən başlayan milli azadlıq hərəkatı 1993-cü ildə uğurlu nəticəsini əldə etdi. O vaxtlar insanlar xalq cəbhəsi adlandırılan bir təşkilatın ətrafında toplaşmışdı. O zaman hələ sovet hakimiyyəti mövcud idi, imperiya tam süqut etməmişdi. Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycan xalqında olan bu oyanışı, dirçəlişi görürdü. Təbii ki, bu hərəkat SSRİ-nin xeyrinə deyildi. DTK-da hərəkatın parçalanmasına, pərakəndə vəziyyətə düşməsinə çalışırdılar, əks tədbirlər görürdülər. Bunlardan da ən başlıcası isə o idi ki, xalq içərisində təxribatlar, "sapı özümüzdən olan baltalardan" istifadə etməklə qarşıdurmalar yaradılsın. Məhz həmin dövrdə Arazboyu sərhədlərin, tikanlı məftillərin dağıdılması xalqın qəzəbindən çox DTK-nın düşünülmüş növbəti planı idi. Bir çoxları bu hadisədə özlərini qəhrəmanlıq adlandıraraq bildirilər ki, "biz sərhədləri sökdük, dağıtdıq". Halbuki bunlar DTK-nın böyük oyunlarında istifadə olunan oyuncaqlar idi. Bu kimi təxribatların, oyunların nəticəsi olaraq DTK xalq arasında ədavət toxumları səpə bildi, Azərbaycanda vətəndaş müharibəsinin rüşeymləri göyərməyə başladı. 1988-90-cı illərdə ölkədə baş verən hadisələr göstərdi ki, Azərbaycanda təxribatlar törədilməsində ciddi cəhdlər edilir və bunu arxasında da Moskva dayanırdı. 1990-cı ilin 20 yanvar hadisəsi isə imperiyanın Azərbaycanda milli oyanışı, dirçəlişi boğmaq üçün son cəhdi idi.

- Demək olarmı milli mübarizənin önündə xalqın maraq və mənafeyini ifadə edən, sözünü deyə bilməyən liderin olmaması qarşıya qoyulan məqsədlərin yerinə yetirilməməsinə gətirib çıxardı?

- Lider bir günə və yaxud bir aya yetişmir. Liderlik keyfiyyəti insana ilahi qüvvə tərəfindən verilsə də, onu tarix formalaşdırır. 1988-1993-cü illərdə Azərbaycanda yaranmış vəziyyətə uyğun olaraq xalqı və dövləti öz arxasınca apara bilən liderlər yox idi. Bunun isə müəyyən səbəbləri var idi. Əvvəla SSRİ dağılmaq ərəfəsində idi. İmperiyanın bir çox respublikalarında münaqişə ocaqları yaranmışdı. Bütün bu bölgələrdə lider çatışmazlığı var idi. Bunun səbəbi isə o idi ki, həmin dövrdə SSRİ rəhbərliyi hər hansı bir respublikada liderin yetişməsində maraqlı deyildi, hətta bunun əksinə işlər görülürdü. Çünki xalqın başında onu arxasınca apara bilən bir lider varsa bu imperiya üçün təhlükədir.

- Necə düşünürsünüz, xalqın önündə ulu öndər Heydər Əliyev olsa idi Qarakənd ətrafında Azərbaycanın hökumət və dövlət nümayəndələrini olduğu vertolyotun vurulması, 90-cı ilin 20 yanvar hadisəsi, Xocalı faciəsi və digər bəlalarımızda olmazdı?

- Mən bununla razıyam. Ola bilsin ki, sadalanan hadisələrin heç biri baş verməzdi. Amma tarixi proseslərin qarşısını almaq mümkün deyildi. Bu proseslər imperiyanın dağılmasına yönəlik proseslər idi. idi. Bunda tək azərbaycanlılar, eləcə də keçmiş sovet respublikaları maraqlı deyildi. Bunun arxasında böyük güclər, Qərb dövlətləri dayanmışdı. İctimai-siyasi proses artıq yetişmişdi. Xarici qüvvələr imperiya daxilində milli siyasətin düzgün aparılmamasından məharətlə, düzgün istifadə edə bildilər. Onlar imperiya daxilindəki münaqişə ocaqlarının daha da alovlanmasına təsir edirdilər. Bu zamanda onlara xidmət edən yerli qüvvələrin xidmətlərindən istifadə edirdilər. Sözsüz ki, bu proseslər zəmində hər bir respublika öz yolunu seçməli idi. Moskva isə hər vəchlə bunun qarşısını almağa çalışırdı. Hətta bu gününün özündə belə Rusiya keçmiş sovetlər məkanında öz təsir dairəsini itirmək istəmir. Sözsüz ki, həmin dövrdə ulu öndərin Azərbaycana qayıtması ən azından torpaqlarımızın işğalına imkan verməzdi.

- Mirkazım müəllim, sön dövrlər İranın bəzi dairələrində Azərbaycanın daxili işlərinə qarışan mövqe sərgiləyir, bəyanatlar verir, tədbirlər keçirirlər. Bunu rəsmi Tehranın anti-Azərbaycan siyasəti kimi dəyərləndirmək olarmı?

- İran nəinki son vaxtlar, son 3 ildir ki, Azərbaycana qarşı təxribatlarını gücləndirib. İran kütləvi informasiya vasitələri mütəmadi olaraq ölkəmiz əleyhinə qərəzli fikirlər səsləndirirlər, dini təxribatlarla məşğuldurlar. Azərbaycanda dini təriqətlərin, dini ayrı seçkiliyin yaranmasına zəmin yaratmağa cəhd göstərir və bunun üçün maliyyə dəstəyi ayırır. Azərbaycanda daxili stabilliyi, sakitliyi pozmağa çalışırlar. Ümumiyyətlə, ötən əsrlərdən, daha dəqiq desək 1813-cü ildən başlayaraq fars şovinizmi Azərbaycanı dövlət, xalq olaraq dağıtmaq, parçalamaq siyasətini prioritet hesab edib və təəssüf ki, bununla bağlı bir çox istəyinə nail olub. Ölkəmizi damla-damla parçalayıb. Bu gün Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız təzyiqlərə məruz qalır, onların haqları tapdanır. Bizim qatı düşmənimiz olan Ermənistanla isə İranın bütün sahələrdə dərin və köklü əməkdaşlığı var. Məhz İranın dəstəyi ilə Ermənistan bu gün nəfəs alır. Ancaq bir İslam dövləti olaraq hər zaman müsəlman qardaşlığından danışan İran nəinki Azərbaycana kömək göstərmir, ona qarşı anti-təbliğat tədbirləri həyata keçirir, onun düşməninə ən böyük dəstək verən ölkə qismində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə