Şəhərdaxili marşrutlarda gediş haqları 30 qəpiyə qaldırılacaq-ARAŞDIRMA
Yeni ildən şəhərdaxili marşrutlarda gediş haqqının artırılacağı ilə bağlı xəbərlər səngimək bilmir. Hətta bəzi avtobuslarda gediş-haqlarının qeyri - qanuni qaldırılması faktları artıq qeydə alınmağa başlayıb. SİA-ya məlumat verən Bakı sakini Aygün Muxtarova bildirir ki, hazırda Suraxanı-Sədərək xətti ilə hərəkət edən 114 nömrəli marşrutda gediş haqqı nə az, nə çox düz 1 manata qaldırılıb. Şikayətçi bildirdi ki, sözügedən avtobusun sürücüsü ilə sərnişinlər arasında bu üzdən dəfələrlə mübahisələr düşsə də müsbət nəticə hasil olmayıb: "114 nömrəli marşrut Suraxanıdan Sədərəyə gedən yeganə avtobusdur. Ona görə də əhali qiymətdən asılı olmayaraq bu marşrutdan istifadəyə etməyə məcburdur. Bundan istifadə edən sürücülər isə gediş haqqını qaldırır. Narazılıq edən sərnişinlərə isə bildirilir ki, kimin xoşu gəlmir marşrutdan istifadə etməsin".
Əldə etdiyimiz məlumata görə, oxşar vəziyyət Bakıətrafı qəsəbələrə, Binə və Sədərək ticarət mərkəzlərinə hərəkət edən digər nəqliyyat vasitələrində də müşahidə edilir. Verilən xəbərlərə görə, 7 nömrəli marşrutun sürücüləri sərnişinlərdən Maştağa qəsəbəsinə kimi 25 qəpik əvəzinə 30 qəpik, Buzovna qəsəbəsinə isə 30 qəpik əvəzinə 40 qəpik tələb edirlər. Sədərək və Binə ticarət mərkəzlərinə gedən avtobuslarda da oxşar vəziyyət yaranıb.
Qeyd edək ki, Bakıda nəqliyyatın idarə edilməsində intellektual sistemin tətbiqi ilə əlaqədar ictimai nəqliyyatda gediş haqlarının artırılacağını nəqliyyat naziri Ziya Məmmədov da istisna etməyib.
Hazırda Bakı şəhərində avtobuslarda şəhərdaxili gediş haqqı 20 qəpik təşkil edir. Şəhərətrafı hərəkət edən avtobuslarda isə məsafədən asılı olaraq gediş haqqı 30-50 qəpik arasında dəyişir.
Yeni ildən şəhərdaxili avtobuslarda gediş haqqının 20 qəpikdən 30 qəpiyə, şəhərətrafı marşrutlarda isə gediş haqqının 10 qəpik artırılacağı bildirilir.
Əhali arasında narahatlığı səbəb olan məsələlərə aydınlıq gətirmək üçün "Bakısərnişinnəqliyyat" MMC-də müraciət etdik. Qurumdan bildirildi ki, mətbuat xidmətinin rəhbəri Samir Həsənov işdən çıxdığı üçün sorğumuza yeni mətbuat xidmətinin rəhbəri cavab verməlidir. Ancaq uzun axtarışdan sonra MMC-də yeni mətbuat xidmətinin rəhbərinin nə adını nə də onun harada olduğunu bilən tapılmadı. Digər işçilər isə suallarımızı cavablandırmağa səlahiyyətlərinin olmadığını bildirdilər.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə şəhərdaxili marşrutlarda qiymətlərin artırılmasının gözlənilən olduğunu dedi: "Bu məsələ nə vaxtsa gündəmə gəlməlidir. Çünki şəhərdaxili marşrutları özəl şirkət işlədir və onlar gəlirlərini götürməlidirlər. Ancaq hələlik bu məsələ ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və nə vaxt olunacağı vaxt məlum deyil".
N. Həsənov şəhərdaxili marşrutlarda qiymətləri süni şəkildə qaldıranların isə qanunsuzluğa yol verildiyini və bu cür sürücülərin cəzalandırılacağını söylədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB