ADU-da distant təhsillə bağlı müzakirələr aparılıb

ADU-da distant təhsillə bağlı müzakirələr aparılıb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor, Səməd Seyidov "Kavrakoğlu" şirkətinin baş proqram mütəxəssisi Berain Gün, proqramın yaradıcısı Hakan Atan və baş menecer Zeki Günlə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Elektron və veb məzmunu inkişafı şöbəsinin müdiri Ayaz Abuşov iştirak edirdi.

Rektor qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.

Sonra Təhsil Nazirliyinin nümayəndəsi Ayaz Abuşov çıxış edərək görüşün məqsədinin "Təhsil müəssisələrində distant təhsil"in necə həyata keçirilməsi ilə bağlı "Kavrakoğlu" şirkətinin hazırladığı layihənin təqdim edilməsi olduğunu qeyd edib. Hakan Atan layihə ilə bağlı slayd təqdim edərək proqramla bağlı bütün incəlikləri görüş iştirakçılarının diqqətinə çatdırıb. O, təqdim olunan proqram vasitəsilə universitetlərin tədris planının hazırlanması, eyni zamanda tələbələrin qeydiyyatının aparılma qaydaları barədə məlumat verib. Daha sonra isə proqram barədə fikir mübadiləsi aparılıb.

Sonda rektor Səməd Seyidov təqdim olunan proqramın gələcəkdə bir çox ali məktəblərdə istifadə olunacağına əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə