BMT rəsmisi Milli QHT Forumunda olub - FOTO

Noyabr ayının 16-da Milli Qeyri-Hökumət Təşkilatları Forumunda (MQF) BMT İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovla görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş zamanı MQF-nin prezidenti Rauf Zeyni Forumun 12 illik fəaliyyəti, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, nailiyyətləri və problemləri haqqında məlumat verib. A.Abramov QHT-lərin, vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq beynəlxalq təcrübədən danışıb, Banqladeş, Braziliya, Uruqvay və digər ölkələrin QHT təcrübəsi haqqında məlumat verib. Qeyd olunan ölkələrdə QHT-lərin çox böyük imkanlara malik olduğunu qeyd edərək bildirib ki, məsələn, Banqladeşdə QHT-lərin illik büdcəsi 2 milyard dollardan artıqdır. Eyni zamanda, bu ölkələrin təcrübələrinin Azərbaycan üçün faydalı olduğunu qeyd edib.

A.Abramov Azərbaycandan hələlik yalnız 5 QHT-nin BMT İqtisadi-Sosial Şurasına (ECOSOC) üzv olduğunu və bu təmsilçiliyin gələcəkdə daha da gücləndirilməsinin vacibliyini bildirib.

Görüşdə iştirak edən QHT rəhbərləri Umud Rəhimoğlu, İradə Rzazadə, Leyla Gərayzadə, Əkbər Qoşalı BMT ilə əməkdaşlıq haqqında öz fikirlərini bildiriblər.

Görüşün sonunda Rauf Zeyni MQF-yə gəldiyinə görə A.Abramova, bu səfərin təşkilatçılığına görə Umud Rəhimoğluya minnətdarlığını bildirib. Qeyd edib ki, Milli QHT Forumu BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə