Bu gün dünyada gedən iqtisadi böhran müəyyən qədər turizm sahəsinə də öz təsirini göstərir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib. Baş katib bildirib ki, iqtisadi böhrandan müəyyən qədər əziyyət çəkən turizmin bu göstəriciləri iqtisadiyyatın digər sahələrində olan böhranla çox əlaqələndirilmir. Onun sözlərinə görə, 2010 və 2011-ci illərdə digər iqtisadi sahələrdə problemlərin mövcudluğuna baxmayaraq turizm sahəsində yüksəliş və inkişaf olub.
"2010-cu ildə turizm sahəsindəki inkişaf 7% olubsa, 2011-ci ildə bu göstərici 4,5%-ə çatıb. Hətta Yunanıstan, İspaniya, Portuqaliya kimi iqtisadi problemi olan ölkələrdə belə turizm sahəsində yüksəliş 7-10% həcmində olub. 2012-ci ildə isə yüksəlişin 3-4% həcmində olacağını gözləyirik. Çünki bizim sahə elə bir sahədir ki, insanların daim ehtiyacındadır. Ümumiyyətlə, turizm iqtisadiyyatın digər sahələrindən asılıdır və oradakı tendensiyalar turizmə də öz təsirini göstərir. Amma turizmin digər iqtisadi sahələrə bağlılığı daha aşağı səviyyədədir", - deyə o əlavə edib.
Azərbaycanın turizm sahəsinin inkişaf göstəricilərindən də danışan T.Rifai vurğulayıb ki, son 5-6 il ərzində Azərbaycanda turizm sahəsində böyük bir yüksəliş qeydə alınıb. O bildirib ki, 2011-ci ildə Azərbaycanın turizm sahəsində inkişafı hardasa 15%-ə çatıb: "Azərbaycan prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi ölkədə bu sahəyə diqqət və dəstəkdən xəbər verir. Azərbaycanın digər məkanlarında bir neçə böyük həcmli layihələrin həyata keçirilməsi də bunun göstəricisidir".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB