London Olimpiya oyunları hava hücumundan müdafiə olunacaq

London Olimpiya oyunları hava hücumundan müdafiə olunacaq

Böyük Britaniyanın müdafiə naziri Filip Hammond bildirib ki, 2012-ci ilin yay olimpiya oyunları dövründə London ətrafında hava hücumundan müdafiə sistemlərinin qurulacağı istisna deyildir.

Britaniya mətbuatının yazdığına görə, Birləşmiş Ştatlar olimpiya oyunlarının təhlükəsizliyi səviyyəsindən narahatdır. ABŞ 2012-ci il Olimpiadasında öz idmançılarının və diplomatlarının mühafizəsi üçün xüsusi xidmət idarələrinin 1000-ə yaxın əməkdaşını Londona göndərmək niyyətindədir.

Britaniya tərəfi əmin edir ki, olimpiada zamanı Britaniya polisinin 12 min əməkdaşı təhlükəsiziyin təmin edilməsinə cəlb olunacaqdır. Lakin onlar bilavsitə olimpiya obyektlərinin mühafizəsi ilə məşğul olmayacaqlar. Bu vəzifəni "Group 4 Securicor" (G4S) özəl mühafizə şirkətinin 21 minədək əməkdaşı yerinə yetirəcəkdir.

Bundan əlavə, Uimbldon tennis kortlarının və qayıq yarışlarının keçiriləcəyi Beymutdakı su hövzələrinin mühafizəsinə hərbçilərin cəlb ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə