Amerikanın nüfuzlu CNN İnternational telekanalının reportyorları Azərbaycanın nadir Qarabağ cinsindən olan atlar haqqında reportaj hazırlayıb.
Reportajda özü əslən Şəkidən olan, Qarabağ atları yetişdirən Yaşar Quluzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu at cinsinin azalması barədə söhbət açaraq qeyd edib ki, Azərbaycan torpaqları işğal ediləndən sonra atların çoxu ənənəvi yaşayış zonasından ölkəmizin ərazisinin dərinliklərinə gətirilib. Onların çoxu yeni şəraitə alışa bilmədiklərindən xeyli tələfat baş verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti Qarabağ cinsli atların qorunub saxlanmasına və sayının artırılmasına kömək edir. Kənd Təsərrüfatı Nazirliyi bu nadir at cinsinin satılmasını və Azərbaycandan aparılmasını qadağan edib.
Nazirliyin nümayəndəsi Xəndan Rəcəbli də reportajda çıxış edir. O bildirir ki, təmsil etdiyi qurum Qarabağ atlarının öyrənilməsi və onların baş sayının artırılması məqsədi ilə bir sıra baytarlıq və elmi tədbirlər keçirir. Nazirlik Almaniyanın bir şirkəti ilə əməkdaşlıq edir. Həmin şirkət Qarabağ atlarının gen səviyyəsində öyrənilməsinə kömək edir.
Alman şirkətinin nümayəndəsi Verena Skolianın sözlərinə görə, rəsmi statistikaya əsasən hazırda Azərbaycanda təxminən 1000 baş Qarabağ atı vardır. Lakin təmizqanlı Qarabağ atlarının real sayı az ola bilər.
Amerikanın "Qarabağ" Fondunun Direktorlar Şurasının sədri Adil Bağırov SNN telekanalına bu gün Nadir hallarda rast gələn bu cinsli atların yaranma tarixi barədə söhbət açıb.
Ümumiyyətlə, telekanal qeyd edir ki, Qarabağ atları Azərbaycanın fəxri və onun rəmzidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB